Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı Jean Denis kəndində “Gran Grif” adlı silahlı qruplaşmanın təşkil etdiyi hücumda, arasında uşaqların da olduğu 70 nəfər ölüb, 30 nəfər yaralanıb. Hücum nəticəsində 50 ev yandırılıb və təxminən 6 min nəfər yaşadıqları yerləri tərk etməyə məcbur olub.
Referans Media xəbər verir ki, İnsan hüquqları təşkilatı “Collectif Defenseurs Plus”ın direktoru Antonal Mortime yerli kanala bildirib ki, “Gran Grif” qruplaşması Jean Denis kəndində əhalini hədəf alıb. Sosial medyada yayılan görüntülərdə silahlı şəxslərin təsadüfi atəş açması və yollara barikatlar qurması görünür.
Haiti Milli Polisi də hücum zamanı qruplaşmanın yolları bağlaması və səngərlər qazması səbəbindən təhlükəsizlik qüvvələrinin hadisə yerinə gec çatdığını açıqlayıb.
Bölgədə 50 evin yandırılması nəticəsində təxminən 6 min nəfər evsiz qalıb. Haiti uzun illərdir siyasi və iqtisadi böhranlarla üzləşir və ölkədə 11 milyondan çox insan üçün aclıq riski mövcuddur.
2025-ci ilin aprel-iyun ayları arasında Haitidə ən azı 1520 nəfər həlak olub, 600-dən çox insan yaralanıb. BMT məlumatlarına görə, bu hadisələrin 60%-dən çoxu təhlükəsizlik qüvvələrinin silahlı dəstələrə qarşı baş verən əməliyyatlar zamanı baş verib.
ABŞ Dövlət Departamenti 2 may 2025-də Haitidəki “Viv Ansanm” və “Gran Grif” qruplaşmalarını “xarici terror təşkilatları” siyahısına əlavə edib.
