Fransada kabus: Milyonçuların villaları kül oldu, 260 mindən çox insan evini tərk etdi

Fransanın cənub-qərbində baş verən nəhəng meşə yanğınları ölkədə son illərin ən ağır təbii fəlakətlərindən birinə çevrilib. Bordo ətrafında alovların sürətlə yayılması nəticəsində 260 mindən çox insan təxliyə olunub, Parisin təxminən dörd qatı böyüklüyündə ərazi yanaraq külə dönüb.

Referans Media xəbər verir ki, iyulun 12-də Kap-Ferre meşələrində başlayan yanğın güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Nəticədə 40 min hektardan çox meşə sahəsi məhv olub.

Dəbdəbəli villalar tamamilə məhv oldu

Yanğından ən çox zərər çəkən ərazilərdə 240-dan çox yaşayış evi tamamilə yanıb. Rəsmilərin məlumatına görə, dağılan tikililərin böyük hissəsi varlı parislilərə məxsus, milyonlarla avro dəyərində yay villaları olub.

Bordo ilə Kap-Ferre yarımadasını birləşdirən magistral yol boyunca onlarla avtomobil yanaraq yararsız hala düşüb. Bir vaxtlar yaşıllıqla örtülü olan meşələr isə qara kül yığınına çevrilib. Bəzi villalar yüksək temperaturun təsirindən tamamilə çöküb.

Heyvanlar da alovdan xilas ola bilmədi

Yanğın nəticəsində itlərin təlim mərkəzi tamamilə yararsız vəziyyətə düşüb. Alovdan qaçmağa çalışan marallardan birinin hasara ilişərək yanaraq öldüyü bildirilib. Bundan başqa, çoxlu sayda kənd təsərrüfatı texnikası və avadanlığı da məhv olub.

"Yanğın özünü qidalandırır"

Fransanın daxili işlər naziri Loran Nünez hadisəni "misli görünməmiş fəlakət" adlandıraraq bildirib ki, hava şəraiti və meşə örtüyü alovun bütün istiqamətlərə yayılmasına səbəb olur.

Fransa Prezidenti Emmanuel Makron isə qarşıdakı həftələrin çətin keçəcəyini vurğulayaraq yanğınla mübarizənin bütün imkanlarla davam etdiriləcəyini açıqlayıb.

Yanğının söndürülməsi üçün yanğınsöndürənlərlə yanaşı hərbi təyyarələr, könüllülər və fermerlər də səfərbər olunub. Avropa İttifaqı Fransaya əlavə yanğınsöndürmə təyyarələri göndərmək qərarı verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki