ABŞ Prezidenti Donald Trampın İranla aparılan danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatların bərpa oluna biləcəyini bildirməsindən sonra İran mediasında diqqət çəkən paylaşım yayılıb.
Referans MEDİA xəbər verir ki, Tramp ötən gün İsrailin "Kanal 12" televiziyasına müsahibəsində İranla aparılan vasitəçilik danışıqlarına şans vermək məqsədilə ABŞ-nin hücumları müvəqqəti dayandırdığını bildirib.
Prezident qeyd edib ki, İranla dərin danışıqlar aparılır və diplomatik səylər nəticə verməsə, Vaşinqton yenidən güclü hərbi əməliyyatlara əl ata bilər.
Bu açıqlamalardan sonra İranın "Tasnim" xəbər agentliyinin Telegram kanalında Donald Trampın həyat yoldaşı Melaniya Trampın tez-tez olduğu iddia edilən məkanlar və alış-veriş etdiyi bildirilən mağazalar haqqında görüntülərin yer aldığı video paylaşılıb.
Məlumata görə, videonun sonunda Trampın oğlu Barron Trampa istinad edilərək təhdid xarakterli ifadə yer alıb. Paylaşımda onun ünvanına "Bizi gözləsin" sözlərinin səsləndiyi iddia olunur.
Hazırda videonun məzmunu və paylaşımın rəsmi qurumlarla əlaqəsi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. ABŞ və İran rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
