Rusiyada bank anbarından ümumi dəyəri 2 milyard rubl (44 milyon 156 min Azərbaycan manatı) qiymətləndirilən qızıl sikkələrin oğurlanması ilə bağlı araşdırmada yeni detallar məlum olub.
Referans Media xəbər verir ki, istintaq orqanlarının açıqladığı məlumata görə, cinayətin baş verdiyi obyektə qanuni giriş imkanı olan şəxslərin sayı cəmi iki nəfər olub.
Araşdırma zamanı diqqət bankın üç əməkdaşına yönəlib. İstintaqın versiyasına əsasən, qadınlar 2-3 ay ərzində birlikdə hərəkət edərək qızılları hissə-hissə anbardan çıxarıblar.
Onlar təhlükəsizlik xidmətinin diqqətini çəkməmək üçün qiymətli metalları kiçik partiyalar şəklində çıxararaq böyük oğurluğu adi əməliyyatlar kimi gizlətməyə çalışıblar.
Hazırda oğurlanan qızılın əsas hissəsi hələ də tapılmayıb. Hüquq-mühafizə orqanları qiymətli əşyaların yerini müəyyənləşdirmək və hadisənin bütün detallarını araşdırmaq üçün əməliyyatları davam etdirir.
Sankt-Peterburq şəhərində baş verən bu hadisəyə "əsrin oğurluğu" adı verilib.//Publika.az
