Argentinalıların heyrətinə səbəb olan insident Buenos-Ayresdə yaşanıb.
Referans xəbər verir ki, şəhərin mərkəzində yolayrıcında dayanmış velosipedli 33 yaşlı rusiyalı qadına motosikletlə yaxınlaşan iki nəfərlik qap-qaç dəstəsi qəfil hücum edib.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb: motosikletin arxa oturacağında olan şəxs qadının telefonunu qapıb qaçmağa cəhd edib. Lakin bu dəfə planları suya düşür. Rus qadın ani reflekslə soyğuncunun qolundan möhkəm yapışıb və buraxmayıb. Qadının qətiyyəti o qədər gözlənilməz olub ki, motosikletin sürücüsü panikaya düşərək yoldaşını atıb və təkbaşına hadisə yerindən qaçıb.
Velosipedli qadın isə tək qalan qulduru yerində saxlamağa davam edib. Bir neçə saniyə içində yaxınlıqda olan insanlar köməyə qaçıblar və qap-qaççını zərərsizləşdiriblər.
Buenos-Ayres şəhər administrasiyasının açıqlamasına görə, hadisə yerindən qaçan ikinci şəxs də şəhər kameraları vasitəsilə izlənilərək az sonra saxlanılıb.
Beləcə, bir qadının cəsarəti sayəsində həm öz əmlakı qorunub, həm də iki nəfərlik qap-qaç dəstəsi polisə təslim edilib.






















