May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və
Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər
müraciət edib.
Bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat
verib.
O bildirib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib
və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma
mütəxəssisi Məhsəti Hüseynova Referans-a açıqlamasında qarpızı ölüm səbəbi edən
əsas nüanslardan danışıb.
“Azərbaycan
üçün qarpızın xarakterik mövsümü iyul ayının ortalarında başlayaraq avqust ayı
hesab olunur. Bu müddətdə yetişən qarpızlar daha təbii, qida dəyəri daha yüksək,
eyni zamanda orqanizm üçün faydalı olur. Yaxşı olar ki, xüsusilə, xüsusi həssas
qrupdan olan insanlar – azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olan
insanlar, hamilə və südverən qadınlar məhz təbii mövsümündə yetişən qarpızdan
istifadə etsinlər. Bir çox hallarda mövsümdən əvvəl də qarpıza rast gəlmək
olur. Bu, adətən, xüsusi istixanalarda yetişdirilən qarpızlardır ya da isti ölkələrdən
gətirilən qarpızlar olur. Onların gətirilməsi və saxlanılması zamanı xüsusi
kimyəvi maddələrdən istifadə olunubsa, az müddətdə istifadə etmək olar. Əgər
biz qarpızın faydalılıq xüsusiyyətlərindən yararlanmaq istəyiriksə, bu zaman
yerli və mövsümi olanı seçməliyik”.
Ekspert
qeyd edib ki, qarpızın zəhərlənmələrin əsas səbəbi süni şəkildə yetişdirilən məhsulların
tərkibidir.
“Qarpızın
tərkibində A, C vitaminləri, eyni zamanda likapen maddəsi var ki, bu da birbaşa
olaraq xərçənglə mübarizə aparma qoruyucu xüsusiyyəti var, immun sistemini də
gücləndirir. Eyni zamanda kalori dəyəri aşağı olduğuna görə asan həzm olunan
qidalar sırasındadır, lif tərkibli olduğuna görə də asan həzm olunur. Zərərlərinə
gəldikdə isə təbii ki, süni şəkildə, istixanalarda yetişdirilən, eyni zamanda tərkibində
daha çox nitrat və digər zərərli maddələr varsa, bu zaman allergik
reaksiyalarla yanaşı həzm sistemi problemlərinə gətirib çıxarır. Qarpızın tərkibində
nitratın daha çox olması zəhərlənməyə səbəb ola bilər”.
Fidan
Vəlisoy