Şərqi Anadolunun yüksək dağlıq ərazilərində qarın əriməsi ilə ortaya çıxan və xalq arasında “təbii antibiotik” kimi tanınan çiriş otu Elazığ bazarlarında satışa çıxarılıb. Bu il kilosu 100 lirəyə satılan bitki həm kəndlilər üçün gəlir mənbəyi, həm də sakinlərin mətbəxində geniş istifadə olunan məhsula çevrilib.
Elazığ və Tuncelinin dağlarında təbii şəkildə yetişən çiriş otu qışın bitməsi ilə yerli əhali tərəfindən yığılmağa başlanıb. Böyük zəhmətlə toplanan bu məhsul bazarlara çıxarılaraq baharın gəlişindən xəbər verir.
Çoxsaylı ənənəvi yeməklərdə istifadə olunan çiriş otu yalnız dadı ilə deyil, sağlamlığa faydaları ilə də diqqət çəkir. Satıcılar və mütəxəssislər bildirir ki, bu bitki qan şəkəri və təzyiqin tənzimlənməsinə kömək edir, xolesterini azaldır, immuniteti gücləndirir və təbii antibiotik təsiri göstərir.
Satıcıların sözlərinə görə, məhsulun yığımı cəmi iki ay davam edir. Keçən il 75 lirəyə satılan çirişin qiyməti bu il 100 lirəyə yüksəlib və vətəndaşlar hər il bu mövsümü səbirsizliklə gözləyir.
Qeyd olunur ki, çiriş otunun toplanması həm də sosial baxımdan əhəmiyyətlidir. Dağlıq ərazilərdə əsasən qadınlar, yaşlılar və işsiz şəxslər bu işlə məşğul olaraq dolanışıq əldə edirlər.























