Ağ Evdə tədbirdə iştirak edən ABŞ Prezidenti Donald Trampın boynunda görünən qızarıqlıq onun sağlamlığı barədə müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, Trampın həkimi Sean Barbabella açıqlamasında bildirib ki, prezidentin boynundakı qızarıqlıq, profilaktik dəri baxımı üçün istifadə etdiyi kremdən yaranıb. Həkim bildirib ki, bu müalicə bir həftə davam edəcək və qızarıqlığın bir neçə həftə ərzində qalması gözlənilir. Barbabella, kremin adını və Trampın niyə bu dəri baxımına ehtiyac duyduğunu açıqlamayıb.
Daha əvvəl isə Trampın əllərində görünən çürüklər onun sağlamlığı ilə bağlı narahatlıqlar yaratmışdı. Ağ Ev mətbuat katibi Karolin Livitt açıqlamasında bunları deyib: “Prezident Trampın əlində çürüklər var, çünki o daimi çalışır və hər gün əl sıxır.”
Tramp isə bildirib ki, çürüklər aspirin istifadəsinin yan təsiridir: “Əgər ürəyinizi sevirsinizsə, aspirindən istifadə edin. Amma kiçik çürüklər istəmirsinizsə, aspirindən istifadə etməyin. Bu dərmanın yan təsirlərindən biridir.”























