Supermarketlərin işıqlı və səliqəli keçidləri ilə addımlayarkən gözümüzü ilk çəkən sarı endirim kağızları olur. Xüsusilə son dövrlərdə rəf aralarında həmin parlaq kağızları addımbaaddım izləyən, hər birini diqqətlə axtaran alıcıların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Referans Media qeyd edir ki, Musavat.com əməkdaşı bu gün rəflər arasında kiçik bir müşahidə aparıb, alıcıların “sarı etiket” həyəcanına və bu qiymət endirimlərinin pərdəarxasına nəzər salıb.
Yalançı "vaxt" tələsi və etiketsiz məhsullar
Bir çox alıcının zənn etdiyi kimi, etiketdəki tarixlər məhsulun son istifadə müddətini yox, sadəcə endirimin bitmə vaxtını göstərir. Əsas təhlükə və sual doğuran məqamlar isə açıq satılan və ya çəki ilə təqdim edilən vitrinlərdə ortaya çıxır.
Xüsusilə ət, sosiska və meyvə-tərəvəz rəflərində məhsulların nə zaman istehsal olunduğu, istehsalçının müəyyən etdiyi son istifadə müddətinin nə vaxt bitdiyi barədə dəqiq məlumat tapmaq müşkülə çevrilir. Məsələn, 1,50 AZN-dən 0,99 AZN-ə endirilən "kabak" (qabaq) vitrininə baxdıqda, əzilmiş, saralmış, təravətini tamamilə itirmiş tərəvəzlərlə qarşılaşırıq. Yəni market faktiki olaraq köhnəlmiş və keyfiyyətini itirmək üzrə olan məhsulu endirim adı altında dövriyyədən çıxarmağa çalışır.
Açıq sosiska və ət vitrinlərində də vəziyyət oxşardır. Məsələn, "Rosko pörtləmə" sosiskası 18,35 AZN-dən 8,89 AZN-ə düşüb. Lakin etiket üzərində yalnız kampanyanın keçərli olduğu tarixlər (08.09.26 - 07.10.26) yer alır, sosiskanın öz istehsal və son istifadə tarixi alıcıya qaranlıq qalır.
Eynilə "Mərcan" soyudulmuş təzə toyuq 7,25 AZN-dən 6,87 AZN-ə enib, lakin alıcı paket üzərindəki məlumatı diqqətlə oxumasa, sarı etiketin sadəcə marketin tətbiq etdiyi aksiyaya aid olduğunu fərq etməyə bilər.
Digər tərəfdən, fabrikin orijinal bükülmüş qutularında satılan quru və qablaşdırılmış məhsullarda mənzərə fərqlidir. Burada alıcılar üçün həqiqətən real qənaət imkanı yaradan məhsullarla da qarşılaşırıq. Məsələn, qapaq üzərində istehsal tarixi 20.08.2025 (PRO.20.08.25) və son istifadə tarixi 20.08.2028 (EXP.20.08.28) olan "Final" tomat pastası 3,39 AZN-dən 2,88 AZN-ə endirilib. Yəni məhsulun yararlılıq müddətinin bitməsinə hələ var.
Oxşar hal biskvit və şirniyyat rəflərində də görünür:
"Eti Cubuk Crax" (45 q): 0,65 AZN –dən 0,50 AZN-ə
"Vafli Hosbes Muzlu Eti" (120 q): 2,30 AZN –dən 1,99 AZN-ə
"Nestle Chocobuble" şokoladları: 3,29 AZN –dən 2,59 AZN-ə
"Roshen Minky Binky" konfetləri (kq): 8,75 AZN –dən 8,55 AZN- endirilib.
Şokolad və çərəz kimi qablaşdırılmış məhsullarda 2027-ci ilə qədər istifadə müddəti olan tam təzə malın endirimə qoyulması marketlərin satış dövriyyəsini artırmaq və "ştoku" yeniləmək üçün atdığı addımdır.
Mütəxəssislərə görə, rəflərdə alınmayan mallar zaman-zaman endirim kampaniyası adı ilə satılır, baxmayaraq ki, malın müddətinin bitməsinə bir neçə il olur. Alıcılar isə şikayət edir ki, gündəlik tələbat olan məhsullar endirimə düşmür.
Rəf arxası nəticə
Supermarketlərdə "sarı etiket" izinə düşmək alıcıdan ciddi diqqət tələb edir. Qablaşdırılmış quru qidalarda sarı kağızlar real fürsətə çevrilsə də, meyvə-tərəvəz və ət vitrinlərində üzərində istehsal tarixi olmayan endirimli məhsulları alarkən məhsulun təravətinə xüsusi diqqət yetirmək lazımdır.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov hesab edir ki, marketlərdə keçirilən endirim kampaniyalarının əsas hədəfi müştərini mağazaya cəlb etməkdir:
"Endirim kampaniyalarının başlıca məqsədi istehlakçını marketə gətirməkdir. Müştəri mağazaya daxil olduqdan sonra isə ona endirim adı altında müəyyən məhsulların satılması üçün müxtəlif marketinq üsullarından istifadə edilir. Məhsulların qiymətlərinin aşağı salınması məsələsində əsas rol market sahiblərinə məxsusdur. Market şəbəkələri ilə işləmək istəyən təchizatçılar bunun üçün müəyyən məbləğlər ödəyirlər. Bundan sonra isə market sahibləri daha çox müştəri cəlb etmək məqsədilə təchizatçılardan məhsullara endirim tətbiq etmələrini tələb edirlər. Bəzən də istehlakçı endirimli məhsulu götürərək kassaya yaxınlaşanda məlum olur ki, həmin məhsul kampaniyaya daxil deyil. Buna səbəb kimi endirimdə olan məhsulun yanında kampaniyaya aid olmayan başqa məhsulun yerləşdirilməsi göstərilə bilər. İstehlakçı isə artıq kassaya qədər gəldiyi üçün həmin məhsulu endirimsiz qiymətə almağa məcbur qalır".