Dünya əmtəə bazarlarında qızılın qiyməti 3700 dollara yaxınlaşıb. Sentyabrın 9-na olan məlumata əsasən, “Comex” birjasında dekabr fyuçersləri üzrə qızılın qiyməti 18,3 ABŞ dolları və ya 0,50% artaraq 3 695,70 dollar/unsiya təşkil edib.
Son bir il ərzində qızılın qiyməti davamlı olaraq artmaqdadır. Bu tendensiya investorların qızıla olan marağının artması ilə izah olunur.
Qızılın qiymətinin bu qədər artması hansı sahələrdə bahalaşmaya səbəb ola bilər? Bu proses Azərbaycana necə təsir edəcək?
Sözügedən mövzuyla bağlı İqtisadçı Xalid Kərimli REFERANS-ın suallarını cavablandırıb. İqtisadçı qeyd edib ki, qızılın qiymətinin bahalaşması zərgərlik bazarında ümumiyyətlə zərgərlik məhsullarının qiymətinin artmasına təsir edir. Gördüyümüz kimi hal-hazırda 0,5% bahalaşma müşahidə edilir. Birdən-birə bu qiymət artımı olmayıb. Bu isə tədricən bazarda müşahidə edilib.
“Qızılın qiymət artımının davam etməsi birmənalı şəkildə qızıl bazarında bahalaşmaya öz təsirini göstərəcək”,-deyə Xalid Kərimli əlavə edib.
Ləman Xalıqova
Referans
