Dodaq boyaları böcəklərdən hazırlanır? - İDDİA

Sosial şəbəkələrdə dodaq boyalarının böcəklərdən hazırlandığına dair məlumatlar yayılıb.

İddialara görə, bəzi kosmetik vasitələrin, xüsusilə qırmızı rəngli pomadaların istehsalında həşəratlardan əldə edilən maddələrdən istifadə olunur.

Referans Media xəbər verir ki, xarici media orqanlarının bu mövzuda dərc etdiyi araşdırmalar sözügedən iddiaların müəyyən qədər həqiqətə uyğun olduğunu göstərir. BBC-nin “Science Focus” nəşrinin məlumatına görə, bəzi qırmızı pomadaların tərkibində “carmine” (karmin) adlı təbii rəngləndirici maddə mövcuddur. Bu piqment əsasən Mərkəzi və Cənubi Amerikada rast gəlinən koşenil adlı həşəratlardan əldə edilir. Sözügedən maddə kosmetik məhsullara qırmızı və çəhrayı rəng vermək məqsədilə istifadə olunur.

ABŞ-nin “Associated Press” (AP) agentliyi də 2023-cü ildə yayımladığı materialda Meksikada koşenil həşəratlarından təbii qırmızı boya istehsalından bəhs edib. Bildirilib ki, bu həşəratlardan əldə olunan piqment kosmetika sənayesində, o cümlədən müxtəlif makiyaj vasitələrinin hazırlanmasında istifadə edilir. “WIRED” nəşri isə karmin maddəsinin yalnız pomadalarda deyil, ənliklərdə və bəzi qida məhsullarında da istifadə olunduğunu yazıb. Nəşrin məlumatına əsasən, sözügedən rəngləndirici uzun illərdir müxtəlif sənaye sahələrində tətbiq olunur. Məsələ ilə bağlı fakt yoxlama platformaları da araşdırmalar aparıb.

Hindistanın “DigitEye India” platforması 2024-cü ilin iyulunda sosial şəbəkələrdə yayılan oxşar iddiaları yoxlayıb. Araşdırma nəticəsində bəzi pomadaların həqiqətən böcək mənşəli rəngləndirici maddələr ehtiva etdiyi təsdiqlənib. Bununla belə, bütün pomadaların həşəratlardan hazırlandığı barədə iddiaların doğru olmadığı vurğulanıb. Bəs böcəklərdən əldə edilən bu maddə insan sağlamlığı üçün təhlükəlidirmi? ABŞ Qida və Dərman Administrasiyasının (FDA) məlumatına görə, karmin maddəsinin kosmetik vasitələrdə istifadəsinə müəyyən tələblər çərçivəsində icazə verilir.

Lakin bu rəngləndirici bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən ABŞ-də kosmetik məhsulların tərkibində karmin və koşenil ekstraktı olduqda həmin maddələrin etiketdə açıq şəkildə göstərilməsi tələb olunur. Mütəxəssislərin məlumatlarına əsasən, istehlakçılar kosmetik məhsulların tərkibində “Carmine”, “CI 75470”, “Cochineal Extract” və ya “Natural Red 4” ifadələrinə rast gəldikdə məhsulda böcək mənşəli rəngləndiricinin olduğunu müəyyən edə bilərlər. Qida sənayesində isə bu maddə E120 kodu ilə də tanınır./Sfera.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki