Dövlət Baxçalı Türkiyədə müxalifət düşərgəsində yaşanan gərginliklə bağlı açıqlama verərək, CHP rəhbərliyini sərt tənqid edib. O, həm keçmiş CHP sədri Kemal Kılıçdaroğlu, həm də partiyanın hazırkı rəhbəri Özgür Özelin partiyanın tarixi məsuliyyətinə uyğun davranmadığını bildirib.
Referans Media xəbər verir ki, Türkiyənin millətçi müxalifət partiyası olan Milliyetçi Hareket Partisinin lideri Dövlət Baxçalı qeyd edib ki, CHP-də mövcud böhranın həlli üçün rəhbərlik ilk növbədə özünütənqid aparmalı və problemlərin həlli istiqamətində addımlar atmalıdır.
Onun sözlərinə görə, hazırkı proses birləşmədən çox parçalanma meylləri ilə xarakterizə olunur:
“Kılıçdaroğlu və Özgür Özəl papaqlarını qarşılarına qoyub səmimi özünütənqid etməli, həqiqətləri gizlətmədən problemin həlli yollarını axtarmalıdırlar.”
Dövlət Baxçalı CHP daxilində son dövrlərdə yeni partiya yaradılması ilə bağlı iddiaların səsləndirildiyini xatırladaraq, bunun partiya daxilindəki parçalanmanı daha da dərinləşdirdiyini vurğulayıb.
MHP lideri həmçinin Özgür Özəlin hüquqi proseslərlə bağlı mövqeyini də tənqid edib. O bildirib ki, məhkəmə qərarları tam qüvvəyə minmədən siyasi bəyanatlarla prosesin istiqamətləndirilməsi düzgün yanaşma deyil.
Dövlət Baxçalı fikrincə, CHP rəhbərliyi mövcud böhranı siyasi üstünlük əldə etmək vasitəsinə çevirmək əvəzinə, partiya daxilində uzlaşma və sabitliyin təmin olunmasına çalışmalıdır.
