Dünya bazarlarının gözü Pekində: ABŞ və Çin arasında nəhəng razılaşma gündəmdədir

ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən mühüm görüş dünya iqtisadiyyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Referans Media xəbər verir ki, tərəflərin milli təhlükəsizlik baxımından həssas hesab edilməyən məhsul qruplarında ticarəti artıracaq yeni mexanizm üzərində razılığa yaxın olduğu bildirilir.

Məlumata görə, ABŞ və Çin təxminən 30 milyard dollar dəyərində idxal məhsulları üzrə gömrük rüsumlarının qarşılıqlı şəkildə azaldılmasını müzakirə edir. Bu addımın iki ölkə arasında son illərdə artan ticarət gərginliyini azaltmağa yönəldiyi qeyd olunur.

Bildirilir ki, ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir tərəfindən mart ayında təklif edilən “Ticarət Şurası” adlı yeni mexanizm Pekində keçirilən tarixi görüşün əsas mövzularından biridir.

Yeni modelin məqsədi Çin iqtisadi sistemini dəyişdirmək deyil, strateji əhəmiyyət daşımayan sektorlar üzrə daha balanslı ticarət əlaqələri qurmaqdır.

Qrir daha əvvəl açıqlamasında bildirib: “Məqsəd iki iqtisadi sistem arasında ticarəti daha balanslı hala gətirəcək mexanizm yaratmaqdır”.

Görüşlərdə ABŞ-ın Çinə enerji və kənd təsərrüfatı məhsulları ixracını artırmaq planlarının da müzakirə edildiyi bildirilir.

Eyni zamanda Çinin ABŞ-dan idxal etdiyi neft, mayeləşdirilmiş təbii qaz və kömür məhsullarına tətbiq olunan əlavə vergilərin azaldılması məsələsi də gündəmdədir.

Vaşinqton administrasiyasının isə istehlak elektronikası, ayaqqabı və bəzi sənaye məhsulları üzrə yeni gömrük güzəştlərini nəzərdən keçirdiyi qeyd olunur.

Ekspertlər hesab edir ki, mümkün razılaşma dünya iqtisadiyyatında ciddi rahatlama yarada bilər. Analitiklərin fikrincə, bu addım fond bazarları, əmtəə qiymətləri və qlobal təchizat zəncirlərinə müsbət təsir göstərə bilər.

Bununla yanaşı, texnologiya və istehsal sektorlarında yeni investisiya axınının yaranacağı, inflyasiya təzyiqlərinin isə qismən azalacağı proqnozlaşdırılır.

Lakin ekspertlər tam iqtisadi normallaşmadan daha çox “idarə olunan ticarət modeli”nin ön plana çıxacağını düşünürlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki