İranın xarici işlər naziri Abbas Əraqçi Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşmək üçün Pekinə səfər edib. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq proseslər müzakirə olunub.
Referans Media xəbər verir ki, Çin dövlət mediasının yaydığı məlumata görə, tərəflər xüsusilə Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İranın son həftələrdə ABŞ və İsraillə yaşanan gərginlik fonunda diplomatik dəstək axtarışını gücləndirdiyi bildirilir. Tehran rəhbərliyi müxtəlif ölkələrlə əlaqələri genişləndirərək beynəlxalq mövqeyini gücləndirməyə çalışır.
Çin İranın əsas iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, İran neftinin ən böyük alıcısı kimi də çıxış edir. Pekinin son dövrlərdə bölgədə gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərini artırdığı qeyd olunur.
Səfərin ABŞ Prezidenti Donald Trampın Çin səfəri öncəsinə təsadüf etməsi diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. Trampın Pekində Çin lideri Si Cinpinlə görüşü gözlənilir və bu diplomatik dinamikanı daha da həssas edir.
Əraqçinin səfəri, regionda böyük güclər arasında diplomatik balansın yenidən formalaşması kimi şərh olunur.
