Donald Tramp İranın uranın zənginləşdirilməsini dayandıracağı və nüvə silahı hazırlamaq planından imtina edəcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Referans Media xəbər verir ki, ABŞ prezidenti "WABC" radiosuna müsahibəsində bu məsələyə münasibət bildirərək “İranın nüvə silahına sahib olmayacağına yüzdə 100 əminəm” deyib.
Trampın sözlərinə görə, İran rəsmiləri zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməyə hazır olduqlarını bildiriblər. O, həmçinin vurulan nüvə obyektlərindəki nüvə tullantılarının çıxarılması ilə bağlı danışıqların davam etdiyini qeyd edib.
ABŞ lideri İranla mümkün razılaşmanın tələsmədən aparıldığını vurğulayaraq bildirib:
“Üzərimdə heç bir təzyiq yoxdur. Əlimizdə çoxlu koz var. Biz heç nəyi tələsik etmirik”.
İran barədə danışan Tramp əlavə edib ki, Tehran rəhbərliyi nüvə silahına sahib ola bilməyəcəyini anlayır və bunu qəbul edir.
Onun sözlərinə görə, proses ya sülh yolu ilə, ya da başqa üsulla ABŞ-nin xeyrinə nəticələnəcək.
