Bakıda mənzil almaq istəyənlərə MÜHÜM XƏBƏRDARLIQ EDİLDİ: Ev alarkən bu tələyə düşməyin

Daşınmaz əmlak bazarında son dövrlər, xüsusilə Bakıətrafı qəsəbələrdə "əlimyandı satılır", "təcili satılır" kimi başlıqlarla yerləşdirilən elanların sayı artıb. Bununla belə, əksər hallarda bu mənzillərin satış qiymətləri bazar dəyərindən ciddi şəkildə fərqlənmir. Mütəxəssislər hesab edirlər ki, bu ifadələr artıq real təcili satışdan daha çox alıcının diqqətini cəlb etməyə hesablanmış marketinq üsuluna çevrilib.

Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, "əlimyandı", "təcili satılır", "qiymətindən ucuz" kimi ifadələr əsasən marketinq məqsədi daşıyır.

Onun sözlərinə görə, bu cür ifadələr alıcıların diqqətini cəlb etmək və onları konkret elana yönləndirmək üçün istifadə olunur.

"Eyni zamanda vətəndaşlara tövsiyə edirik ki, elanlarda göstərilən məlumatlara tam etibar etməsinlər. Çünki bir çox hallarda mənzilin sahəsi, təmir səviyyəsi və digər göstəricilər real vəziyyətə tam uyğun olmur. Rieltorlar və maklerlər daha çox mənzilin sahəsini böyük göstərməyə, üstünlüklərini qabartmağa, fotoları isə daha cəlbedici təqdim etməyə çalışırlar. Bunların hamısı marketinq üsullarıdır və istifadə olunan ifadələr də diqqət çəkmək məqsədi daşıyır.

Reallıqda daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşmır. Əksinə, bazarda artım tendensiyası davam edir. Buna görə də alıcılar həqiqətən sərfəli təklifləri müəyyən etmək üçün işin mütəxəssislərinə müraciət etməlidirlər. Bu, qiymətləndirmə şirkətləri və ya sahə üzrə peşəkar mütəxəssislər ola bilər.

Vətəndaş yalnız almaq istədiyi mənzillə bağlı tələblərini – yerləşdiyi ərazi, bina və mənzilin parametrlərini təqdim etməlidir. Bundan sonra rieltor həmin kriteriyalara uyğun mənzili tapa bilər. Əgər vətəndaş mənzili özü seçibsə və ya rieltor tərəfindən təqdim olunubsa, onun həqiqətən də göstərilən xüsusiyyətlərə uyğun olub-olmadığını müəyyən etmək üçün qiymətləndiricinin rəyindən istifadə etməsi məqsədəuyğundur.

Qiymətləndirici mənzilin tikinti keyfiyyətini, təmir səviyyəsini, normativ tələblərə uyğunluğunu və digər vacib göstəriciləri peşəkar şəkildə qiymətləndirə bilir. Bu sahə ölkədə formalaşıb və fəaliyyətini davam etdirir.

Peşəkarlara müraciət etmək lazımdır ki, onlar müəyyən etsinlər, "əlimyandı" elanının arxasında doğrudanmı təcili satış dayanır, yoxsa bu sadəcə marketinq məqsədi daşıyır. Bunu yalnız mütəxəssis müəyyən edə bilər.

Sadə vətəndaşın tikinti materialları, binaların keyfiyyəti, tikinti normaları, eləcə də ərazinin gələcək inkişaf perspektivləri barədə kifayət qədər məlumatı olmaya bilər. Həmin ərazidə gələcəkdə hansı layihələrin həyata keçiriləcəyi, investisiya potensialının artıb-artmayacağı və ya söküntü riskinin olub-olmaması kimi məsələləri də mütəxəssislər daha düzgün qiymətləndirə bilirlər.

Bu baxımdan, "əlimyandı" elanlarının həqiqətən sərfəli olub-olmamasının müəyyənləşdirilməsi peşəkarlara həvalə edilməlidir. Çünki mənzilin alınıb-alınmaması ilə bağlı qərarın verilməsində məhz onların rəyi mühüm rol oynayır. Ümumilikdə isə bu cür ifadələrin istifadəsi əksər hallarda marketinq xarakteri daşıyır və vətəndaşların obyektə marağını artırmaq, satış prosesini sürətləndirmək məqsədi güdür", – deyə Vüqar Oruc vurğulayıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki