Taksi fəaliyyəti ilə bağlı tətbiq olunan yeni tənzimləmələrdən sonra bu sahədə yaranan dəyişikliklər cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bəzi vətəndaşlar taksi xidmətinə çıxışın çətinləşdiyini, qiymətlərin artdığını bildirir, eyni zamanda tıxacların azaldılması istiqamətində gözlənilən nəticələrin hələ tam hiss olunmadığını qeyd edirlər.
Referans Media-ın məlumatına görə, mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu sahədə aparılan islahatların əsas məqsədi bazarda xidmət keyfiyyətinin, təhlükəsizliyin və taksi sürücülüyünün bir peşə kimi formalaşmasına yönəlib.
Onun sözlərinə görə, belə islahatların ilkin mərhələsində yeni qaydalara uyğunlaşma prosesi bir qədər çətin olur:
“Bu çətinliklər həm istehlakçılar, yəni sərnişinlər üçün, həm də taksi sürücülərinin özləri üçün müəyyən narahatlıqlar yarada bilir. Çünki yeni tələblərin tətbiqi, onların mənimsənilməsi və bazarın həmin qaydalara uyğunlaşması müəyyən vaxt tələb edir. Bu baxımdan, islahatların ilk mərhələsində müəyyən keçid dövrünün yaşanması təbii hesab oluna bilər.
Zaman keçdikcə isə tələb və təklif arasında tarazlıq formalaşır. Yəni bazar yeni qaydalara uyğunlaşdıqca həm xidmət göstərənlərin, həm də xidmət istifadəçilərinin davranışı dəyişir və nəticədə tarazlıq yaranır. Taksi qiymətləri də məlum olduğu kimi, sabit, yəni dəyişməz tariflər deyil, müxtəlif amillərin, xüsusilə də tələbin təsiri ilə formalaşan dəyişən tariflərdir. Məsələn, tələb artdıqca qiymətlər də yüksələ bilir, tələb azaldıqda isə qiymətlər aşağı düşür. Bu, bazar iqtisadiyyatının normal işləmə prinsiplərindən biridir. Eyni zamanda, bu mexanizm taksi xidmətinin günün müxtəlif saatlarında və müxtəlif şəraitlərdə əlçatanlığının qorunmasına da xidmət edir. Yəni qiymətlərin tələbə uyğun formalaşması bazarda kifayət qədər təklifin saxlanmasına və vətəndaşların zəruri hallarda taksi xidmətindən istifadə edə bilməsinə imkan yaradır.
Tıxaclara gəldikdə isə, onların səviyyəsi yalnız taksi sektorundan asılı deyil. Yol hərəkətinin intensivliyi, vətəndaşların istifadə etdiyi fərdi avtomobillərin sayı, şəhərsalma ilə bağlı xüsusiyyətlər, küçə-yol şəbəkəsinin imkanları, pik saatlarda nəqliyyat axınının həcmi, eləcə də ictimai nəqliyyatın inkişaf tempi kimi amillər də bu prosesə ciddi təsir göstərir. Başqa sözlə, tıxac problemini yalnız taksi sektorunda aparılan islahatlarla əlaqələndirmək düzgün olmaz. Bu, daha geniş və kompleks yanaşma tələb edən məsələdir.
Ona görə də tıxacların azaldılması istiqamətində daha nəzərəçarpan nəticələrin mərhələli şəkildə həyata keçirilən tədbirlər hesabına əldə olunacağı gözlənilir. Hazırda da bu istiqamətdə görülən işlər davam edir və həmin prosesin növbəti mərhələləri müşahidə olunur. Yəni bu cür islahatların nəticələrini qısa müddətdə deyil, müəyyən zaman keçdikdən sonra daha aydın şəkildə qiymətləndirmək mümkün olacaq”, - deyə ekspert fikrini tamamlayıb.
