Dünyada narahatlıq yaradan hantavirus hadisəsinin yaşandığı MV Hondius kruiz gəmisi yenidən fəaliyyətə başlayır. May ayında gəmidə qeydə alınan 13 hantavirus hadisəsi nəticəsində 3 nəfər həyatını itirmişdi.
Araşdırmalara görə, virus Argentinada gəmiricilərlə təmasda olmuş iki sərnişindən yayılıb. Yoluxanlar arasında Hollandiya və Almaniya vətəndaşları olub.
Hadisədən sonra gəmidə genişmiqyaslı dezinfeksiya işləri aparılıb, bütün heyət dəyişdirilib və gəmi yenidən istismara yararlı hesab edilib. Hollandiya rəsmiləri mayın 30-dan etibarən kruiz gəmisinə yenidən fəaliyyət icazəsi veriblər.
Ümumdünya Səhiyyə Təşkilatı virusun bəzi hallarda insandan insana keçə biləcəyini istisna etmir. Hantavirusa qarşı hazırda xüsusi peyvənd və ya müalicə mövcud deyil. Mütəxəssislər əsas qorunma üsulunun gigiyena qaydalarına əməl etmək və yoluxma riskindən uzaq durmaq olduğunu bildirirlər.
