Dünyanın ən etibarlı avtomobilləri BƏLLİ OLDU - SİYAHI

"iSeeCars" portalı avtomobillərin ciddi nasazlıqlar yaşamadan 400 min kilometrdən (250 min mil) çox məsafə qət etmə ehtimalını qiymətləndirərək dünyanun ən etibarlı avtomobil markalarının reytinqini tərtib edib.

Referans Media  xəbər verir ki, araşdırmanın nəticələrinə görə, reytinqin birinci pilləsində böyük fərqlə Toyota qərarlaşıb.

Bu brendə məxsus avtomobillərin 17,8%-i — yəni təxminən hər beş maşından biri — sözügedən yüksək yürüş göstəricisinə rahatlıqla çata bilir. İkinci yerdə 12,8%-lik nəticə ilə Toyota-nın lüks subbrendi olan Lexus yer alıb. İlk üçlüyü isə 10,8%-lə digər bir yapon nəhəngi — Honda tamamlayır.

Dördüncü sırada 7,2%-lik göstərici ilə Acura gəlir ki, bu da bazardakı ümumi orta etibarlılıq göstəricisindən (4,8%) demək olar ki, iki dəfə yüksəkdir. Beşinci və altıncı yerləri eyni nəticə ilə — hər biri 4,6% olmaqla — Amerikanın GMC markası və elektromobil istehsalçısı Tesla bölüşdürür.

İlk onluğun sonrakı pillələrində isə müvafiq olaraq Chevrolet (4,5%), Cadillac (4,5%), Mazda (3,6%) və Ram (3,5%) markaları qərarlaşıb.

Reytinqin ikinci onluğuna daxil olan digər avtomobil brendlərinin ardıcıllığı isə bu şəkildədir:

Lincoln (3,4%), Ford (3,1%), Dodge (2,5%), Nissan (2,4%), Subaru (2,3%), Volvo (2,2%), Infiniti (2,1%), Mercedes-Benz (1,7%), Jeep (1,3%) və Mitsubishi (1,1%).

Ekspertlər qeyd edirlər ki, ilk dörd yeri tutan yapon brendləri (Toyota, Lexus, Honda, Acura) bazarda dözümlülük üzrə sənaye ortalamasını keçməyi bacaran yeganə markalar olub və öz yüksək keyfiyyət statuslarını bir daha sübut ediblər./Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki