Son dövrlərdə havanın mövsüm normalarından kənar, anomal isti keçməsi kənd təsərrüfatı və ərzaq bazarı ilə bağlı narahatlıqları artırır. Temperatur dəyişiklikləri meyvə-tərəvəz məhsullarının yetişməsinə və məhsuldarlığına təsir göstərməklə qiymət artımına səbəb ola bilərmi? Eyni zamanda, bu hava şəraiti gələcəkdə taxıl istehsalı və qiymətləri üçün hansı riskləri yaradır?
Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,
Havanın mövsüm normalarından kənar anomal isti keçməsi kənd təsərrüfatı üçün ciddi risklər yaradır. Çünki kənd təsərrüfatında məhsuldarlıq yalnız torpaq və su ehtiyatlarından deyil, həm də temperaturun bitkilərin inkişaf mərhələlərinə uyğun olmasından asılıdır.
Xüsusilə meyvəçilikdə havanın vaxtından əvvəl isinməsi ağacların erkən çiçəkləməsinə səbəb ola bilər. Sonradan temperaturun kəskin dəyişməsi və ya şaxtanın baş verməsi isə çiçəklərin və yeni yaranmış meyvələrin məhv olması ilə nəticələnə bilər. Bu da məhsulun həcminin azalmasına, nəticədə bazarda təklifin zəifləməsinə və qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.
Tərəvəzçilikdə də yüksək temperatur və su qıtlığı məhsuldarlığa mənfi təsir göstərir. İsti hava bitkilərin daha çox suya ehtiyac duymasına, torpaqdan nəmin sürətlə buxarlanmasına səbəb olur. Suvarma imkanları məhdud olduqda məhsulun keyfiyyəti və həcmi aşağı düşə bilər. Digər tərəfdən, anomal istilər zərərvericilərin və bitki xəstəliklərinin yayılmasını da sürətləndirə bilər. Bütün bunlar fermerlərin istehsal xərclərini artırır. Əgər məhsul itkisi ilə yanaşı, maya dəyəri də yüksələrsə, bunun bazar qiymətlərinə təsiri qaçılmaz olacaq.
Taxılçılıqda isə risklər daha geniş miqyaslıdır. Xüsusilə buğdanın inkişafının müəyyən mərhələlərində yüksək temperatur məhsulun dolma müddətini qısaldır, dənin çəkisini və ümumi məhsuldarlığı azaldır. Uzunmüddətli istilər və quraqlıq taxıl əkinlərinin su təminatını çətinləşdirə, məhsul itkisinə səbəb ola bilər. Azərbaycan kimi kənd təsərrüfatında suvarmanın mühüm əhəmiyyət daşıdığı ölkələrdə bu risklər daha ciddi qiymətləndirilməlidir.
Əgər anomal istilər davamlı xarakter alarsa, gələcəkdə həm yerli istehsalda azalma, həm də müəyyən ərzaq məhsulları üzrə idxaldan asılılığın artması təhlükəsi yaranacaq. Dünya bazarında da iqlim dəyişiklikləri səbəbindən taxıl istehsalında azalma baş verərsə, idxal qiymətləri yüksələ bilər.
Buna görə də kənd təsərrüfatında iqlimə davamlı toxum sortlarının tətbiqi, suvarma sistemlərinin müasirləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə və fermerlərin iqlim risklərindən sığortalanması xüsusi əhəmiyyət daşıyır.
Gülnaz Abdullazadə
