Xəzər dənizində su səviyyəsinin azalması ekoloji və iqtisadi baxımdan ciddi narahatlıq doğurur. Prosesin davam etməsi dəniz canlılarının yaşayış mühitinə, balıqçılıq sənayesinə, gəmiçiliyə, sahilboyu yaşayış məntəqələrinə və bütövlükdə regionun ekoloji tarazlığına təsir göstərə bilər. Mütəxəssislər xüsusilə Xəzərin şimal və şərq sahillərində böyük ərazilərin su altında qalma riskinin artdığına diqqət çəkirlər. Bununla belə, Azərbaycanın sahilboyu ərazilərinin coğrafi xüsusiyyətləri müəyyən mənada üstünlük hesab olunur.
Ekoloq Arzu Mustafayev Referans Media-ya açıqlamasında Xəzərin dayazlaşmasının səbəblərindən, mümkün fəsadlarından və Azərbaycanın bu prosesdən necə təsirlənəcəyindən danışıb.
Xəzərdə suyun səviyyəsi niyə azalır?
Ekoloq bildirib ki, Xəzərdə su səviyyəsinin aşağı düşməsi bir neçə amilin eyni vaxtda təsiri ilə bağlıdır:
“Xəzər dənizində suyun səviyyəsinin azalması prosesi müşahidə olunur. Bu, su hövzəsinə daxil olan suyun həcmindəki dəyişikliklər, iqlim dəyişkənliyi və bir sıra antropogen amillərin məcmu təsiri ilə şərtlənir. Əvvəlki tarixi dövrlərdə də Xəzərin səviyyəsi qalxıb-enib. Lakin bu dəfəki prosesin sürəti və miqyasında narahatlıq doğuran məqamlar var”.
Xəzərin geri çəkilməsi hansı fəsadlara səbəb olacaq?
Arzu Mustafayevin sözlərinə görə, su səviyyəsinin azalması təkcə sahil xəttinin dəyişməsi ilə məhdudlaşmayacaq, bütövlükdə ekosistemə təsir göstərəcək:
“Bir çox ekoloji fəsadlar müşahidə oluna bilər. İlk növbədə, Xəzərin su bioresursları güclü stress altında qalacaq. Bununla yanaşı, Xəzər sahilində yaşayan insanlar və icmalar üçün müəyyən miqrasiya problemləri meydana çıxa bilər.
Dəniz təsərrüfatının müxtəlif sahələrində, xüsusilə gəmiçilikdə, liman təsərrüfatında, şəhər təsərrüfatlarında, su və kanalizasiya sistemlərində problemlər yarana bilər. Ərzaq təhlükəsizliyi baxımından isə balıqçılıq sənayesi bu prosesdən ciddi təsirlənəcək”.
Azərbaycanın sahilləri onlarla kilometr geri çəkilə bilərmi?
Ekoloq Azərbaycanın coğrafi mövqeyinin Xəzərin dayazlaşması prosesində müəyyən üstünlük yaratdığını bildirib. Onun fikrincə, ölkəmizin sahillərinin dərin su hövzəsinə yaxın yerləşməsi geriçəkilmənin miqyasına təsir edə bilər:
“Bəxtimizdən Azərbaycan Xəzərin ən dərin hissəsi olan Lənkəran çökəkliyinin bilavasitə yaxınlığında yerləşir. Yəni Xəzər bizim sahillərdə daha dərindir. Şimali Xəzərdə, Rusiya və Qazaxıstan sahillərində isə dayaz ərazilər daha çoxdur.
Bu səbəbdən 30 kilometrlə ifadə edilən geriçəkilmə daha çox həmin dayaz ərazilər üçün aktual ola bilər. Məsələn, Bakı buxtası və digər sahil zolaqları da Xəzərin dərin hissələrindən fərqli xüsusiyyətlərə malikdir. Lənkəran çökəkliyinin 1025 metrə çatan dərinliyinə yaxın yerləşməyimiz müəyyən mənada üstünlükdür. Buna görə də Azərbaycanda sahil xəttinin geri çəkilməsi onlarla kilometrlə ifadə olunmaya bilər.
Bu, bizim müəyyən mənada şansımızdır. Ancaq ümumilikdə Xəzərin xüsusilə şimal və şərq hissələrində kifayət qədər ərazi itiriləcək”.
Xəzərin dayazlaşması quşların köç yolunu da dəyişəcək
Arzu Mustafayev qeyd edib ki, su səviyyəsinin azalması dəniz ekosistemində qida zəncirinin pozulmasına, quşların miqrasiya yollarının dəyişməsinə və canlıların yaşayış şəraitinin pisləşməsinə səbəb ola bilər:
“Ümumi su hövzəsinin qida zəncirinin pozulması da gözlənilən problemlərdəndir. Su quşlarının miqrasiya yollarında ciddi dəyişikliklər baş verə, onların qida bazasında fərqliliklər yarana bilər.
Bundan başqa, küləklərin istiqamətində və yerli mikroiqlimlərdə də müəyyən dəyişikliklər hiss edəcəyik. Dəniz ekosistemi ilə bilavasitə bağlı olan həm quru, həm də dəniz canlılarının bu prosesdən təsirləndiyini müşahidə edəcəyik”.
Ekoloqdan Xəzərlə bağlı narahatedici xəbərdarlıq
Ekspertin sözlərinə görə, Xəzərdə baş verən dəyişikliklər bir-biri ilə əlaqəli ekoloji proseslərdir və onların mənfi nəticələri təkcə dənizlə məhdudlaşmayacaq:
“İqlim, su dövranı və Xəzərin təbii ekosistemindəki dəyişikliklər paralel şəkildə müşahidə olunacaq. Bu proses bütövlükdə ciddi stress faktorudur. Təəssüf ki, baş verən dəyişikliklərin nəticələri əsasən mənfi istiqamətdə olacaq”.
Beləliklə, Xəzər dənizinin dayazlaşması Azərbaycanın sahilboyu əraziləri üçün də ekoloji və təsərrüfat baxımından ciddi çağırışlar yaradır. Azərbaycanın coğrafi mövqeyi müəyyən üstünlük versə də, dəniz ekosistemindəki dəyişikliklərdən tamamilə kənarda qalmaq mümkün görünmür.
