Aralıq dənizi tsiklonunun daxil olması nəticəsində fevralın 26-dan etibarən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Meteoroloqlar xəbərdarlıq edir ki, fevralın 26-dan etibarən Aralıq Dənizi tsiklonunun ölkə ərazisinə daxil olması ilə hava şəraiti əhəmiyyətli dərəcədə dəyişəcək. Bu tsiklonun gətirəcəyi dəyişikliklər xüsusilə yağış, qar və güclü külək şəklində özünü göstərəcək. Mütəxəssislər əhaliyə və sürücülərə qarşıdakı günlərdə diqqətli olmağı tövsiyə edirlər.
Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, ölkənin əksər rayonlarında yağışın yağacağı, bəzi bölgələrdə isə arabir intensivləşəcəyi gözlənilir. Fevralın 27 və 28-də yağışın bəzi yerlərdə sulu qar formasına keçəcəyi, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı proqnozlaşdırılır. Bu isə xüsusilə yüksək relyefli ərazilərdə nəqliyyatın hərəkətinə təsir edə bilər.
Havanın dəyişməsi ilə birlikdə ölkə ərazisində qərb küləyinin ayrı-ayrı yerlərdə 20-25 m/s sürətinə qədər güclənəcəyi bildirilib. Meteoroloq qeyd edib ki, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, bu da sürücülər üçün təhlükə yarada bilər. Minimal temperatur isə əksər rayonlarda 0–3°C, dağlıq ərazilərdə isə 3–8°C şaxta olacaq.
Mütəxəssislər əhaliyə xəbərdarlıq edir ki, qarşıdakı günlərdə hava şəraitinə uyğun geyim seçsinlər, dağlıq ərazilərdə və buz bağlamış yollarla hərəkət edərkən ehtiyatlı olsunlar. Həmçinin, kənd təsərrüfatı ilə məşğul olan şəxslər məhsullarını qorumaq üçün lazımi tədbirlər görməlidirlər. Bu tsiklonun gətirdiyi hava şəraiti bir neçə gün ərzində ölkə ərazisində davam edəcək.
Gülnaz Abdullazadə.























