Balıkesirin Erdek rayonunda sevgilisi ilə qısqanclıq zəminində mübahisə etdikdən sonra avtomobili ilə ərazini tərk edən və sonradan gölə düşdüyü müəyyənləşən Elif Kumalın ölümü ilə bağlı istintaqda yeni detallar üzə çıxıb. Onun son danışığı müəyyən edilib, həmçinin ağıllı saatda qeydə alınan yüksək nəbz göstəricisi diqqət çəkir.
Referans Media xəbər verir ki, Dekabrın 27-də düşərgədə olduğu sevgilisi Enise G. ilə mübahisə etdikdən sonra şəxsi avtomobili ilə ərazidən ayrılan Elif Kumal bir müddət sonra itkin düşmüşdü. Onun tapılması üçün jandarma, yanğınsöndürmə və AFAD əməkdaşlarının iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə tədbirləri aparılmışdı.
Səkkiz gün sonra göldə tapılan avtomobilin içində 33 yaşlı Elif Kumalın “suda boğulma” nəticəsində öldüyü müəyyən olunub. Ölümün başvermə şəraiti ilə bağlı bütün ehtimallar istintaq orqanları tərəfindən hərtərəfli araşdırılır.
Avtomobil hissələri istintaqa işıq salır
Sabah qəzetinin məlumatına görə, Elif Kumala məxsus avtomobildə aparılan baxış zamanı sürücü hava yastığının açılmadığı, buna baxmayaraq yan pərdə hava yastıqlarının partlayaraq açıldığı məlum olub. Avtomobilin alt hissəsində ciddi zədələnmə və parçalanma izləri aşkarlanıb.
Hadisənin ilk günlərində göl kənarında tapılan alt qoruyucu hissənin Elifin avtomobilinə aid olduğu da dəqiqləşdirilib. Eyni zamanda, avtomobilə sonradan quraşdırıldığı müəyyən edilən ön bamper qoruyucusuna məxsus boz rəngli alt plastik hissələrin axtarışların ilk günlərində sahildə tapıldığı, avtomobil sudan çıxarıldıqdan sonra isə bu hissələrin eyni maşına aid olduğu təsdiqlənib.
Ağıllı saatdakı yüksək nəbz Elifin avtomobil təkərlərinin partlamış vəziyyətdə olması və alt qoruyucu hissənin göl sahilində tapılması, onun qəza nəticəsində gölə düşmüş ola biləcəyi ehtimalını gücləndirib.
Hadisədən sonra dərhal jandarmaya məlumat vermədiyi üçün saxlanılan sevgilisi Enis G.-nin ifadəsi də istintaq tərəfindən diqqətlə incələnir. Onun ifadəsinə görə, Elif avtomobili ilə ərazidən ayrıldıqdan sonra arxasınca qaçıb. Enis G.-nin qolundakı ağıllı saatda həmin anlarda nəbzin yüksəldiyi, daha sonra isə ərazidəki su anbarının təhlükəsizlik kameralarına düşdüyü müəyyən edilib.
