“Counterpoint Research”in 2025-ci ilin dördüncü rübü üzrə açıqladığı hesabat qlobal smartfon bazarında rəqabətin real mənzərəsini ortaya qoyub.
Referans Media Sfera.az-a istinadən xəbər verir ki, məlumata görə, ən çox satılan 10 model ümumi satışların təxminən 23 faizini təşkil edib.
Hesabatda diqqət çəkən əsas məqam isə “Apple” şirkətinin bazarda açıq üstünlüyü olub. Belə ki, şirkət 5 fərqli “iPhone” modeli ilə TOP-10 siyahısında dominant mövqeyə sahibdir.
“Apple”ın yeni nəsil cihazları ilk üç pilləni tam şəkildə zəbt edib. Siyahıya 5 faiz bazar payı ilə “iPhone 17 Pro Max” başçılıq edir. Onu “iPhone 17” və “iPhone 17 Pro” modelləri izləyir.
Bundan əlavə, əvvəlki nəsil modellər də populyarlığını qoruyur. “iPhone 16” dördüncü pillədə qərarlaşıb, daha münasib qiymətə təqdim olunan “iPhone 16e” isə səkkizinci yerdə qərarlaşıb. Bununla belə, “Apple” məhsul xəttində yer alan “iPhone Air” modelinin siyahıya düşməməsi diqqətdən qaçmayıb.
Digər tərəfdən, “Samsung” və “Xiaomi” kimi “Android” istehsalçıları əsasən orta seqmentdə güclü performans nümayiş etdiriblər.
“Samsung Galaxy A56”, “A36” və “A07” modelləri ilə müvafiq olaraq beşinci, altıncı və yeddinci yerləri tutub. Şirkətin flaqman modeli “Galaxy S25” isə yalnız 10-cu pillədə qərarlaşıb.
“Xiaomi” isə “REDMI A5” modeli ilə siyahıda doqquzuncu yerdə yer alaraq orta büdcəli cihazlara olan yüksək tələbatı bir daha təsdiqləyib.






















