Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həftəsonu ikinci dəfə ABŞ Prezidenti Donald Trampla danışıb. Əsasən İsrail – İran münaqişəsi müzakirə edilib. Türkiyə lideri nüvə mübahisəsinin ancaq diplomatik yolla həll edilməli olduğunu vurğulayıb.
Türkiyə tərəflərin danışığa oturmasında vasitəçi ola bilərmi? Ümumilikdə rəsmi Ankaranın rolunu necə dəyərləndirilir?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, ABŞ dünyanın supergüclərindən biridir və İranla bağlı baş verən münaqişələrə müdaxilə etmək və təsir göstərmək imkanına sahibdir:
“Türkiyənin NATO üzvü olması isə onu ABŞ-la daha sıx əməkdaşlıq və dialoq qurmağa imkan verir.
İran–İsrail münaqişəsində vasitəçi olmaq məsələsi kifayət qədər mürəkkəbdir. Çünki burada qarşıdurmanın arxasında dərin və prinsipial fikir ayrılıqları dayanır. Rəsmi Vaşinqton bu məsələyə təsir etməyə çalışa bilər. Əvvəllər də ABŞ tərəfləri danışıqlara cəlb etmək istəyib, lakin bu cəhdlər nəticə vermədiyindən münaqişə silahlı mərhələyə keçdi.
Bu baxımdan, Türkiyə birbaşa olmasa da, ABŞ vasitəsilə regiondakı gərginliyi azaltmağa, tərəfləri yenidən danışıqlar masasına qaytarmağa çalışa bilər. Regionda baş verən hadisələr, təbii ki, Türkiyəni də narahat edir.
Ehtimal etmək olar ki, müxtəlif diplomatik təşəbbüslər və vasitəçilik cəhdləri baş verir. Lakin bu prosesin asan olmayacağı da aydındır. Fikrimcə, bu münaqişənin taleyi, daha çox tərəflərin öz daxili narahatlıqları və siyasi məqsədlərinə bağlıdır”.