Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən beş xəstəlik növünə yoluxma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 10 nəfərdə cüzam (xroniki infeksion xəstəlik), 11 nəfərdə visseral, 16 nəfərdə dəri leyşmanioz (insanlar və məməlilərə əsasən mığmığaların dişləməsi yolu ilə yoluxan protozoan xəstəlik), 2 nəfərdə isə quduzluq aşkarlanıb.
Ən çox yoluxma halı exinokokkz olub və ölkə üzrə bu xəstəliyə 33 nəfər yoluxub.
Bəs, exinokokkz xəstəliyi nədir? Kimlər risk altındadır? İnsanlar bu xəstəliyə necə yoluxur?
Parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir. Qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur.
Xəstəlik, exinokokk qurdlarının (Echinococcus) yaratdığı bir parazit infeksiyasıdır və insanlar adətən çirkli su, qida məhsulları və ya əlləri ilə bu parazitlərin yumurtalarını qəbul edərək yoluxurlar.
Exinokokkz xəstəliyi əsasən heyvanlar (xüsusilə itlər) vasitəsilə insanlara keçə bilər. İtlər və digər vəhşi heyvanlar bu paraziti bədənlərində saxlayır və onların nəcisləri ilə yumurtaları ətraf mühitə yayırlar. İnsanlar bu yumurtaları çirkli su içmək, torpaqla təmasda olmaq və ya çirkli əllərlə qida qəbul etmək yolu ilə bədənlərinə yoluxdururlar.
Xəstəliyin artma səbəbləri
Ekspertlər exinokokkz xəstəliyinin artmasının müxtəlif amillərlə əlaqəli olduğunu bildirirlər:
Sanitariya və həyat tərzi: Çirkli əllər, su və qida məhsullarının təmizliyinə lazımi diqqətin göstərilməməsi xəstəliyin yayılmasında mühüm rol oynayır.
Kənd təsərrüfatı və heyvandarlıq fəaliyyəti: Azərbaycanda kənd təsərrüfatı geniş yayıldığından kənd yerlərində heyvanlar arasında infeksiyaların yayılması riski artır. Ev heyvanları, xüsusilə itlər bu xəstəliyin yayılmasına səbəb olur.
Təbii mühitin dəyişməsi: İqlim dəyişikliyi və heyvanların yaşayış sahələrinin dəyişməsi də xəstəliyin yayılmasına təsir edə bilər./Bizim.Media