Paris simvollarından biri olan Eyfel Qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi gələn ay satışa çıxarılacaq.
Referans Media xəbər verir ki, “Artcurial” hərrac evində satışa təqdim olunacaq bu nadir eksponatın 120–150 min avro (təxminən 240-300 min Azərbaycan manatı) arasında satılacağı gözlənilir.
1889-cu ildə qüllənin açılışı zamanı ikinci və üçüncü mərtəbələri birləşdirən bu pilləkən hissəsi poladdan və pərçinlənmiş metal lövhələrdən hazırlanıb. 2,75 metr hündürlüyə və 1,75 metr diametrə malik olan konstruksiya 14 pillədən ibarətdir.
Məlumata görə, 1983-cü ildə aparılan əsaslı təmir zamanı Eyfel Qülləsinin bəzi pilləkən hissələri sökülərək liftlərlə əvəz olunub. Həmin dövrdən etibarən bu hissələrdən biri 40 ildən artıq müddətdə şəxsi kolleksiyada saxlanılıb.
Hərrac evi bildirib ki, satışa çıxarılan eksponat tam bərpa olunub və əvvəllər heç vaxt açıq havada nümayiş etdirilməyib. “Artcurial” rəsmiləri bu əşyanı “tarixin bir parçasına sahib olmaq üçün nadir fürsət” kimi dəyərləndirirlər.
Qeyd edək ki, sözügedən pilləkən hissələrindən ümumilikdə 20 ədəd satılıb və onların bir qismi hazırda dünya üzrə müxtəlif muzey və kolleksiyalarda saxlanılır. Bu eksponatlara Parisdəki Orse muzeyi, Parisdəki elm və sənaye şəhərciyi eləcə də Fransa və xaricdəki bəzi şəxsi və ictimai kolleksiyalarda rast gəlmək mümkündür.























