“Fənərbaxça”nın mövsümün əvvəlində heyətinə qaytardığı Vedat Muriqi “Eyüpspor”la qarşılaşmada vurduğu 4 qolla gündəmə gəlib. Kosovalı hücumçunun bu performansı İspaniya mətbuatında da geniş müzakirə olunub.
Referans Media xəbər verir ki, “Marca” qəzetinin “Mallorka”nı yaxından izləyən müxbiri Juanmi Sançez Muriqinin İspaniyadakı çıxışını və onun transfer edilməməsini dəyərləndirib.
Sançez ötən mövsüm “Mallorka”nın heyətində La Liqada 23 qol vuran Muriqinin İspaniya klubları tərəfindən transfer edilməməsini səhv addım kimi qiymətləndirib. O bildirib ki, “Sevilya”, “Vilyarreal” və “Valensiya” kimi klublar kosovalı hücumçunu heyətinə qatmalı idi.
“Muriqinin İspaniya klublarının əlindən necə qaçdığını anlamaqda çətinlik çəkirəm. Bu gün bir çox klubun onu transfer etmədiyinə görə peşman olduğuna əminəm. Bu, çox böyük səhv idi”, – deyə Sanchez bildirib.
İspaniyalı jurnalist Muriqinin “Eyüpspor”la oyunda vurduğu 4 qola da diqqət çəkib. Sançez bildirib ki, “Valensiya” transfer dönəmində Muriqi ilə maraqlanıb, lakin hücumçunu heyətinə qata bilməyib. O, hazırda “Valensiya”nın La Liqada 7 oyunda cəmi 4 qol vurduğunu, Muriqinin isə həmin göstəriciyə bir matçda çatdığını vurğulayıb.
Sançez Muriqinin oyun xüsusiyyətlərini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, 31 yaşlı hücumçunun soyuqqanlılığı, bitiriciliyi və hava toplarındakı üstünlüyü diqqət çəkir. Jurnalist Muriqinin fiziki mübarizədə güclü olduğunu və lider xarakteri ilə komandaya əlavə üstünlük qazandırdığını bildirib.
Sançez hesab edir ki, Muriqi düzgün ötürmələrlə təmin olunduğu zaman hücumda ciddi fərq yarada biləcək futbolçudur.
Qeyd edək ki, ötən mövsüm “Mallorka” forması ilə La Liqada 23 qol vuran Vedat Muriqi mövsümün əvvəlində “Fənərbaxça”ya qayıdıb. Kosovalı futbolçu “Eyüpspor”la qarşılaşmada 4 qol vuraraq diqqətləri üzərinə çəkib.
