Fransa prezidenti Emmanuel Macron bildirib ki, Qrenlandiyada keçirilən birgə hərbi təlimlərdə iştirak edəcək fransız hərbçiləri artıq bölgəyə doğru yoldadır.
Referans Media xəbər verir ki, Macron ABŞ mərkəzli X sosial şəbəkəsində Danimarkanın müraciəti əsasında Fransanın Qrenlandiyada keçirilən birgə təlimlərə – “Arktik Dayanıqlılıq Əməliyyatı”na qoşulmasına qərar verdiyini bildirib.
Prezident əlavə edib ki, ilk fransız hərbi bölmələri artıq bölgəyə hərəkət edir və növbəti mərhələdə digər hərbçilərin də göndərilməsi nəzərdə tutulur.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon da eyni platformada paylaşım edərək, fransız hərbçilərinin Danimarkanın tərəfdaş ölkələrlə birlikdə təşkil etdiyi təlimlərdə iştirak üçün Qrenlandiyaya yollandığını bildirib.
Fransanın BFMTV telekanalının məlumatına görə, Paris hökuməti Qrenlandiyaya təxminən 15 hərbçi göndərib.
Fransa müdafiə naziri Catherine Vautrinin yaxın ətrafından verilən məlumata əsasən, həmin hərbçilər yanvarın 17-dək davam edəcək birgə missiyada iştirak edəcəklər.





















