“The Wall Street Journal” qəzetində yer alan xəbərə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli rəsmisi Əli Laricani Oman vasitəçiliyi ilə ABŞ-la dolayı danışıqları yenidən başlatmaq üçün diplomatik təşəbbüs göstərib.
Referans Media xəbər verir ki, yayılan iddia rəsmi Tehran tərəfindən dərhal təkzib olunub. Laricani açıqlamasında bildirib: “ABŞ ilə müzakirə aparmayacağıq.”
Qəzet iddia edib ki, Laricani Maskatda Oman rəhbərliyi ilə görüşərək Vaşinqtonla dolayı təmasların bərpasını müzakirə edib. Xəbərdə bildirilib ki, son həftələr İran və ABŞ arasında yenidən başlayan dolayı danışıqların zəminini gücləndirmək cəhdləri var.
Məlumata görə, əvvəlki dolayı nüvə danışıqları Maskat və Cenevrədə keçirilib, texniki müzakirələrin isə Vyanada davam edə biləcəyi qeyd olunub. Oman uzun müddətdir Tehran–Vaşinqton xəttində əsas vasitəçi rolunu oynayır.
Lakin Laricani yayılan məlumatları qəti şəkildə rədd edərək, ABŞ-la hər hansı danışıqlar prosesinin aparılmadığını bildirib. Onun sözlərinə görə, mövcud şərtlər daxilində Vaşinqtonla yeni diplomatik mərhələ gündəmdə deyil. Bu açıqlama ABŞ ilə İran arasında hərbi-siyasi gərginliyin yüksək olduğu bir vaxtda səsləndirilib.
Oman son illərdə İran və ABŞ arasında dolayı diplomatik kanalların açıq saxlanılmasında mühüm rol oynayıb. Maskat administrasiyası xüsusilə nüvə dosyesi ilə bağlı bir sıra həssas mərhələlərdə vasitəçilik edib.Ancaq son açıqlamalar göstərir ki, hazırkı mərhələdə rəsmi Tehran Vaşinqtonla yeni müzakirə prosesinə başlamağa hazır deyil.
ABŞ və İsrailin İrana qarşı əməliyyatları, həmçinin Tehranın regional cavab addımları fonunda diplomatiya ilə bağlı iddialar və təkziblər bölgədəki qeyri-müəyyənliyi daha da artırır. Pərdəarxası təmasların olub-olmadığı isə hələlik açıq sual olaraq qalır.























