Həcc ziyarətinin ən mühüm mərhələsi başladı: Zəvvarlar Ərəfatda dualar edir

İslamın əsas şərtlərindən olan Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanında olan zəvvarların böyük əksəriyyəti Ərəfat dağına çatıb.

Aralarında türkiyəli zəvvarların da olduğu hacılar qruplar halında Məkkədən Ərəfata yola salınıb. Səudiyyə Ərəbistanı rəsmiləri zəvvarların “Nusuk” kartlarını yoxladıqdan sonra avtobusların hərəkətinə icazə verib.

Ərəfata çatan zəvvarlar Həzrəti Adəm və Həzrəti Həvvanın görüşdüyünə inanılan Cəbəl ər-Rəhmə təpəsinə çıxaraq dualar ediblər.

Zəvvarlar vaxtlarını Qurani-Kərim oxumaq, namaz qılmaq və ibadətlə keçirirlər. Türkiyə Diyanət İşləri Başçısı Safi Arpaguşun Vakfə duası edəcəyi bildirilib.

Vakfə mərasimindən sonra hacılar Müzdəlifəyə gedərək şeytan daşlama mərasimi üçün daş toplayacaqlar. Daha sonra Mina bölgəsində “Böyük şeytan” adlandırılan Əqəbə Cəmrəsinə 7 daş atılacaq.

Qurban kəsimindən və tavafdan sonra Həcc ibadətinin əsas mərhələləri tamamlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki