Türkiyənin Kocaeli şəhərində yaşayan 52 yaşlı qadın sosial mediada gördüyü üsulu sınadıqdan sonra ciddi sağlamlıq problemi ilə üzləşib. İddiaya görə, uzağı görməkdə çətinlik çəkdiyi üçün eynəkdən qurtulmaq istəyən qadın gözlərinə dəmrovotunun “qaranquş otu” suyunu damızdırıb və qısa müddət sonra görmə qabiliyyətini itirib.
Referans Media xəbər verir ki, qadın əvvəlcə gözlərində güclü yanma və batma hiss etdiyini, daha sonra isə gözlərini ümumiyyətlə aça bilmədiyini bildirib. Vəziyyət ağırlaşdıqdan sonra o, dərhal xəstəxanaya müraciət edib.
Göz xəstəlikləri üzrə mütəxəssis Ömer Faruk Yılmaz bildirib ki, müayinə zamanı hər iki gözün buynuz qişasının (korneanın) ciddi zədələndiyi müəyyən edilib. Həkimlərin sözlərinə görə, korneanın epitel qatı tamamilə zədələnmiş və gözlərdə iltihab yaranmışdı.
Həkimlər xəstənin gözlərini uzun müddət xüsusi məhlulla yuyaraq müalicəyə başlayıblar. Təxminən iki həftə davam edən müalicədən sonra qadının görmə qabiliyyəti tam bərpa olunub.
Mütəxəssislər bildirirlər ki, son dövrlər sosial mediada müxtəlif bitkilərlə “təbii müalicə” üsulları geniş yayılır. Lakin həkimlər xəbərdarlıq edir ki, tibbi nəzarət olmadan və rəsmi dərman formasında hazırlanmayan bitki tərkibli maddələrin gözə tətbiqi ciddi zədələrə və hətta korluğa səbəb ola bilər.























