Donald Tramp İranla aparılması gözlənilən danışıqlar öncəsi yenidən sərt açıqlamalar verib. ABŞ Prezidenti bildirib ki, İranla razılaşma əldə olunmayana qədər Hörmüz boğazındakı məhdudiyyətlər aradan qaldırılmayacaq.
Trampın sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər İran iqtisadiyyatına ciddi zərbə vurur: “Bir razılaşma olmayana qədər blokada davam edəcək. Bu, İranı ciddi şəkildə zərbə altına salır. Onlar gündə təxminən 500 milyon dollar itirirlər.”
Referans Media xəbər verir ki, ABŞ administrasiyası bu təzyiqin Tehranı masa arxasına oturtmaq məqsədi daşıdığını bildirir. Tramp əvvəlki administrasiyaları da tənqid edərək Barak Obama və Co Bayden dövründə imzalanan nüvə sazişini (JCPOA) “ən pis razılaşmalardan biri” adlandırıb.
Onun sözlərinə görə, həmin razılaşma İranın nüvə silahı əldə etməsinə yol açıb. Tramp iddia edib ki, yeni mümkün saziş əvvəlkilərdən “daha güclü və daha effektiv” olacaq.
Məlumata görə, ABŞ və İran arasında müzakirələrin Pakistanda keçirilməsi planlaşdırılır. ABŞ tərəfini vitse-prezident Ceyms Devid Vens təmsil edə bilər.
Tramp həmçinin ABŞ donanmasının bölgədə fəaliyyət göstərdiyini və Hörmüz boğazının artıq nəzarət altında olduğunu iddia edib.
ABŞ prezidenti İranla razılaşma əldə olunmazsa ciddi nəticələrin ola biləcəyini də qeyd edib, lakin detallara toxunmayıb: “Əgər razılaşma olmasa, xoş olmayan nəticələr olacaq.”
Tramp əsas şərtinin İranın nüvə silahından imtina etməsi olduğunu vurğulayıb və bunu “çox sadə tələb” adlandırıb.























