Mingəçevir Su-kanal idarəsinin rəisi Elmar Əhmədovun səs yazısı yayılıb.
Bu səsə qulaq asanda rəhmətlik Mirzə Cəlilin Danabaş kəndi əsəri ağıllara gəlir. Amma indi danışacağımız şəxs oradakı Xudayar bəy deyil, müasir Xudayar bəy – Mingəçevir Su-kanal idarəsinin rəisi Elmar Əhmədovdur.
O, 21-ci əsrdə kəndlə şəhəri səhv salıb, bəzən özünü kəndxuda kimi aparır. İşçilərlə ünsiyyətində sərt davranır və yüksək intizam tələb edir. Bu cür davranış Prezidentimizin müəyyən etdiyi məmur etikası ilə nə dərəcədə uyğunlaşır, hər birimiz bunu düşünməliyik.
Cəmiyyətin üzvü kimi sual yaranır: belə vəzifələrə kadrlar necə seçilir? Mingəçevirdə su sistemlərinin idarə olunması üçün ixtisaslı və bacarıqlı kadrlar yoxdurmu? Su Ehtiyatları Agentliyinin rəhbərliyi bu məsələlərə diqqət yetirməli və idarə prosesində işçilərin peşəkarlığını təmin etməlidir.
Qeyd etmək vacibdir ki, Mingəçevirdəki su sistemlərinin idarə olunması Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir və burada çalışan hər bir məmur öz vəzifəsini məsuliyyətlə yerinə yetirməlidir.
Xatırlatmaq istərdim ki, burası Danabaş kəndi deyil – burası Azərbaycanın inkişaf etmiş, müasir şəhəri Mingəçevirdir.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaqda cəhdlərimiz nəticəsiz qalıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
