Türkiyənin Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən dəhşətli hadisələr cəmiyyətdə böyük narahatlıq yaradıb. Aparılan araşdırmalar göstərir ki, Kahramanmaraşdakı qətliamın şübhəlisi İsa Aras Mersinli ilə Şanlıurfadakı hücumu törədən Ömer Ket arasında diqqətçəkən oxşarlıqlar var.
Referans Media xəbər verir ki, rəqəmsal dünyanın qaranlıq tərəflərində formalaşan və məktəblərə qədər uzanan yeni zorakılıq dalğası mütəxəssisləri ciddi şəkildə narahat edir. Kahramanmaraş və Şanlıurfadan gələn qan donduran xəbərlər göstərir ki, hücumçuların davranışlarında təkcə şəxsi qəzəb deyil, həm də şiddət məzmunlu oyunlara aludəçilik, rəqəmsal radikallaşma və təhlükəli ideologiyaların təsiri mühüm rol oynayıb.
Rəqəmsal radikallaşma təhlükəsi
Ekspertlərin fikrincə, internetin qaranlıq platformalarında yayılan məzmunlar, xüsusilə gənclər arasında aqressiyanın artmasına səbəb ola bilər. Şiddət temalı oyunlar, onlayn qruplar və radikal ideoloji platformalar fərdi qəzəbi təşkilatlanmış nifrətə çevirə bilir.
Cəmiyyətə qapalı gənc
Kahramanmaraşda 9 nəfərin ölümü ilə nəticələnən hadisənin şübhəlisi İsa Aras Mersinli ətrafındakı insanlar tərəfindən ünsiyyətdən qaçan, içinə qapanıq biri kimi xarakterizə olunur. Bildirilir ki, o son iki ay ərzində mütəmadi olaraq psixoloqa müraciət edib. Mersinlinin məktəbdə demək olar ki, heç kimlə ünsiyyət qurmadığı, yalnız özünə bənzər bir nəfərlə dostluq etdiyi qeyd olunur.
Onun dərslərə maraqsız, öz dünyasında yaşayan və tez-tez hər kəsə qarşı qəzəbli davranan biri olduğu bildirilir. Məlumata görə, o şiddət temalı oyunlara aludə olub və ətrafdakı insanlara qarşı laqeyd davranış sərgiləyib.
Araşdırmalar zamanı məlum olub ki, Mersinli ABŞ-də qadın düşmənçiliyi motivli kütləvi qətliam törədən Elliot Rodger adlı şəxsi özünə nümunə götürüb. Bu fakt onun hücumu simvolik “intiqam” kimi planlaşdırdığı ehtimalını gücləndirir.
Şanlıurfa hücumçusunun profili
Şanlıurfanın Siverek rayonunda baş verən hücumun şübhəlisi Ömer Ket də oxşar xüsusiyyətlərə malik olub. Bildirilir ki, o hadisədən əvvəl məktəbdə hücum edəcəyi barədə təhdidlər səsləndirib.
Ket sosial mediada tez-tez “öldürəcəyəm” kimi paylaşımlar edib və daim şiddət məzmunlu müharibə oyunları oynayıb. Hadisədən qısa müddət əvvəl psixoloji problemlər səbəbindən xəstəxanadan qəbul üçün görüş aldığı da bildirilib.
Məlumata görə, Ket 9 nəfərlik ailədə böyüyüb və atası inşaat işçisidir. O, təhsilindəki uğursuzluğa görə məktəb rəhbərliyini günahlandırır və buna görə məktəbə qarşı kin bəslədiyi iddia olunur.
Hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində Ketin iki dostu sosial mediada intiqam məzmunlu yazışmalar apardıqları səbəbilə saxlanılıb.
Bu iki hadisə mütəxəssisləri yeni təhlükə barədə xəbərdar edir: rəqəmsal mühitdə yayılmış nifrət ideologiyaları, sosial təcrid və psixoloji problemlər bir araya gəldikdə gənclər arasında ciddi zorakılıq riskləri yarana bilər.























