İki ölkənin taleyi gündəmdə: Kritik qərar veriləcək – TARİXbackend

İki ölkənin taleyi gündəmdə: Kritik qərar veriləcək – TARİX

  İsrailin Qəzzada hərbi əməliyyatlarını davam etdirməsi beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərb dövlətlərinin ciddi narahatlığına səbəb olub. Böyük Britaniyanın payız aylarında Fələstin dövlətini rəsmən tanımaq niyyəti bu təzyiqlərin konkret diplomatik addımlara çevrildiyini göstərir. Uzun illər İsraili strateji tərəfdaş kimi görən və balanslı mövqe sərgiləyən Londonun qərarı regiondakı geosiyasi mənzərəni dəyişə biləcək önəmli dönüş nöqtəsi kimi qiymətləndirilir.

İsrail artan beynəlxalq təzyiqlər qarşısında hansı gedişlər edəcək? Prosesin axarını dəyişmək üçün hansı siyasi və ya hərbi alətlərdən istifadə edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, hər hansı müharibədə qalib gəlmək üçün ictimai dəstək qazanmaq və düşmənin müqavimətini qırmaq çox mühümdür:

“İsrail Qəzzaya qarşı çox genişmiqyaslı hücum əməliyyatı həyata keçirir. Mülki yaşayış məntəqələrinə yüz minlərlə raket hücumu təşkil olunub. Nəticədə Qəzzada yaşayış üçün yararlı bir bina belə qalmayıb. Bundan əlavə, əhali aclıq və xəstəliklə üz-üzədir. Bütün bunlara baxmayaraq, İsrail hələ də HƏMAS-ın və Qəzzanın müqavimətini sındıra bilməyib. Son zamanlar beynəlxalq ictimai rəy getdikcə İsrailin əleyhinə formalaşır. Hətta Təl-Əvivin ənənəvi müttəfiqləri olan ABŞ, Böyük Britaniya və digər Avropa ölkələri də etiraz edirlər. Qərb dövlətləri artıq fələstinlilərin üzləşdiyi vəziyyətə səssiz qalmır. Bu mənada Böyük Britaniyanın reaksiyası başadüşüləndir”.

T.Rzayev qeyd edib ki, İsrail Qəzzadakı əməliyyatları dayandırmasa, bu, əleyhinə addımların atılmasına səbəb olacaq:

“Xüsusilə Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıya bilər. Bu, İsrail üçün çox ciddi zərbə olar. Təl-Əviv ya Qəzzadakı əməliyyatları dayandırmalıdır, ya da təzyiqlərə baxmayaraq davam etdirməlidir. Hər iki halda bu prosesin İsrail üçün fəsadları olacaq. Lakin müharibənin dayandırılması Baş nazir Benyamin Netanyahunun və hakimiyyətinin sonu ola bilər.”  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki