image-qaz-7-1backend

IMF və Mərkəzi Bankın proqnoz fərqi – Büdcə planlamasında hansı risklər var?

Beynəlxalq Valyuta Fondu (IMF) və Mərkəzi Bankın Azərbaycana dair qaz ixrac qiymətləri proqnozları iqtisadiyyat və büdcə planlamasında əhəmiyyətli rol oynayır. Qiymətlərin yüksəlməsi və ya azalması dövlət gəlirlərinə, xərcləmə siyasətinə və investisiya qərarlarına birbaşa təsir göstərir.

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəzirli bildirib ki, Azərbaycanın qaz ixrac qiymətlərinin dəyişməsi həm büdcə, həm də investisiya qərarlarına birbaşa təsir göstərir. Qiymətlərin yüksəlməsi və ya düşməsi ölkənin maliyyə siyasətini və layihələrə yatırımları müəyyən edir.

IMF və Mərkəzi Bankın qaz ixrac qiymətləri ilə bağlı fərqli proqnozları büdcəyə birbaşa təsir edə bilər, çünki dövlət gəlirlərinin böyük hissəsi neft və qaz ixracından gəlir. Əgər qiymətlərin yüksək olacağı proqnozlaşdırılırsa, büdcə gəlirlərini artırmaq üçün daha sərbəst xərcləmə planlaya bilər. Amma qiymətlərin daha aşağı olacağı ehtimalı varsa, büdcədə qənaət tədbirləri və ehtiyat fondlarının istifadəsi lazım gəlir.

Mediaya açıqlamasında Akif Nəsirli əlavə edib ki, qiymətlər düşəndə IMF-in tövsiyələri büdcəyə dəstək ola bilər, çünki IMF adətən ehtiyatların səmərəli idarə olunması, xərclərin prioritetləşdirilməsi və maliyyə dayanıqlığının qorunması barədə məsləhətlər verir. Bu, büdcənin gəlir azalmasına baxmayaraq stabilliyini qorumağa kömək edir.

Bundan əlavə, qaz ixrac qiymətlərinin dəyişməsi investisiya və maliyyə qərarlarına da təsir göstərir. Qiymətlər yüksəlirsə, dövlət və özəl sektor daha çox investisiya etməyə cəsarət edir və layihələrə maliyyə ayırır. Qiymətlər düşəndə isə xərclər azalır, layihələr təxirə salına bilər, xarici investorlar ehtiyatlı davranır və maliyyə qərarları daha ehtiyatlı şəkildə verilir. Bu isə iqtisadiyyatda ümumi aktivlik və böyümə tempinə təsir göstərir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki