Son dövrlər insanlar internetdən müxtəlif dərmanlar sifariş edirlər.
Referans Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, xüsusilə “immun sistemini gücləndirən” adı altında təqdim olunan məhsullara maraq artıb.
Nəzərə çatdırıb ki, əslində immuniteti qaldıran dərman yoxdur:
“İmmuniteti qaldıran dərman istihasal edənə Nobel mükafatı verilməlidir. Bu preparatların tərkibində bəzən B12 vitamini olur və analiz nəticələrində həmin dərmanları istifadə edən şəxslərdə B12 səviyyəsinin normadan artıq olduğu müşahidə edilir.
Xəbərdarlıq edib ki, insanlar arasında internet və ya tanış məsləhəti ilə alınan dərmanların istifadəsi getdikcə artır. Amma bu, ciddi sağlamlıq riskləri yaradır.
Söyləyib ki, bu preparatların çoxu bioloji aktiv əlavələrdir və mənşəyi məlum deyil. Dünyanın heç bir ölkəsində bu cür dərmanların həkim məsləhəti olmadan istifadəsi tövsiyə edilmir.
“İnsanlar deyir ki, bu dərmanlar Avropadan gətirilib. Mən özüm Avropadan gəlirəm, orada bu cür dərmanlar ümumiyyətlə yoxdur”, – deyə həkim bildirib.
Onun sözlərinə görə, bu preparatların tərkibi bilinmədiyi üçün qaraciyər və böyrək çatışmazlığı, tromblaşma və digər ciddi fəsadlara yol aça bilir. Hətta bəzi hallarda gənc ölümlərin səbəbi kimi də göstərilir.
Vətəndaşları yalnız həkim təyinatı ilə dərman qəbul etməyə çağırır.























