İran döyüş təyyarələri havaya qalxdı, Ərbildə partlayışlar baş verdi – ABŞ və İran üz-üzə gəldi

Yaxın Şərqdə gərginlik yenidən pik həddə çatıb. İraqın Erbil şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində güclü partlayış səsləri eşidilib. Hadisələr fonunda İran döyüş təyyarələrinin havaya qalxdığı, şəhər səmasında isə ABŞ hərbi aviasiyasının müşahidə olunduğu bildirilir.

Referans Media xəbər verir ki, hücumlar əsasən İranın kürd müxalif qruplarının yerləşdiyi mövqeləri hədəf alıb. Bununla əlaqədar İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

PUA hücumlarından sonra Ərbil üzərində həm İran, həm də ABŞ-a məxsus hərbi təyyarələrin uçuşlar həyata keçirdiyi qeyd olunur. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət gərgin olaraq qalır. Ərbil Şimali İraqda ABŞ-ın mühüm hərbi obyektlərinin yerləşdiyi strateji məntəqələrdən biri hesab olunur.

“FlightRadar” məlumatlarına əsasən, ABŞ ordusuna məxsus yanacaqdaşıyan hərbi təyyarələrin Fars körfəzidə intensiv uçuşlar həyata keçirdiyi müşahidə olunub. Bu aktivlik ABŞ Prezidenti Donald Trampın İranın hücumuna cavab veriləcəyi barədə açıqlamasından sonra diqqət çəkib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran qüvvələri Hörmüz boğazı yaxınlığında patrul uçuşu həyata keçirən ABŞ ordusuna məxsus "AH-64 Apaçi" helikopterini vurub. Helikopterdə olan iki pilot xilas edilib və onların vəziyyətinin yaxşı olduğu açıqlanıb. Tramp hadisəyə cavab veriləcəyini vurğulayıb. ABŞ rəsmiləri isə insidentin səbəblərinin araşdırıldığını, helikopterin düşməsinin hücum və ya texniki nasazlıq nəticəsində baş verdiyinin dəqiqləşdirildiyini bildiriblər.

Hadisədən sonra ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemləri və radar obyektlərinə qarşı “proporsional cavab” xarakterli hərbi əməliyyat keçirdiyini açıqlayıb. Bu addım Vaşinqton və Tehran arasında son həftələrdə formalaşmış kövrək atəşkəsin gələcəyini sual altına salıb.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran silahlı qüvvələri ölkənin hava, quru və dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün daim hazır vəziyyətdədir. O vurğulayıb ki, İran diplomatik həll yollarına üstünlük verir, lakin ölkənin təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə digər vasitələrdən istifadə etməkdən də çəkinməyəcək.

Bölgədəki son hadisələr ABŞ-İran münasibətlərində yeni eskalasiya riskini artırır və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki