Yaxın Şərqdəki müharibənin səbəb olduğu xammal böhranı Yaponiyada plastik istehsalının əsas komponenti olan naftanın tədarükünə ciddi təsir göstərib. Nəticədə supermarketlər, çörək sexləri və ictimai iaşə obyektləri plastik torba, qida qabları və birdəfəlik əlcəklərin çatışmazlığı ilə üzləşib.
Məlumata görə, mart ayında alış-veriş və tullantı torbalarında istifadə olunan polietilen istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalıb. Digər plastik məhsulların istehsalında da ciddi geriləmə qeydə alınıb.
Qiymət artımı və məhsul qıtlığı səbəbindən bəzi mağazalar meyvə-tərəvəzi ayrıca paketləməkdən imtina edib, çörək sexləri isə plastik torbaların tükəndiyini müştərilərinə elan etməyə başlayıb. Qida sənayesində istifadə olunan plastik əlcəklərin də çatışmazlığı müşahidə olunur.
Böhran tullantıların toplanması sisteminə də təsir edib. Vətəndaşların kütləvi şəkildə plastik torba ehtiyatı toplaması səbəbindən mağazalarda satış məhdudiyyətləri tətbiq olunub, bəzi bələdiyyələr isə müvəqqəti olaraq standart olmayan torbalardan istifadəyə icazə verib.
Problemlər təkcə Yaponiya ilə məhdudlaşmır. Cənubi Koreya və Tayvanda da plastik məhsullara tələbat artıb, qiymətlər yüksəlib və hökumətlər əhalini panik alış-verişdən çəkinməyə çağırıb.
