İranla İsrail arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda İran İnqilab Keşikçiləri Korpusu ölkənin uzunmüddətli müharibəyə hazır olduğunu açıqlayıb. Quruma sözçülük edən Əli Məhəmməd Naini bildirib ki, İranın hələ istifadə olunmayan yeni silah sistemləri mövcuddur və lazım gəldikdə onlar döyüşə cəlb ediləcək.
Referans Media xəbər verir ki, İran dövlət televiziyasına danışan Naini ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları dəyərləndirib. Onun sözlərinə görə, İranın hərbi potensialı hələ tam şəkildə istifadə olunmayıb.
Naini vurğulayıb ki, müharibə uzanarsa, Tehran hücumlara daha sərt cavab verəcək.
İranlı sözçü açıqlamasında bildirib: “Düşmən hər əməliyyat dalğasında ağrılı zərbələr gözləməlidir. Təcavüzkarları cəzalandırana qədər uzunmüddətli müharibəyə hazırıq.”
Naini əlavə edib ki, İran ordusunun arsenalında hələ geniş şəkildə istifadə olunmayan yeni silah sistemləri var.
Onun sözlərinə görə: “İranın yeni təşəbbüsləri və silahları yoldadır və hələ geniş istifadə olunmur.”
Hazırda Iran ilə İsrail arasında qarşılıqlı raket və hava hücumları davam edir. İsrailin İrandakı hərbi obyektləri hədəf alan zərbələrindən sonra Tehran da ballistik raketlər və pilotsuz uçuş aparatları ilə cavab verir.
Bölgədə gərginliyin sürətlə artdığı və qarşıdurmanın daha da genişlənə biləcəyi ehtimal olunur.























