İran Prezidenti Məsud Pezeşkian ölkədə mövcud problemlərə toxunaraq bildirib ki, ədalətsizlik, qanunsuz gəlir əldə etmə, rüşvət və qaçaqmalçılıqla mübarizə aparmaq üçün ciddi səylər göstərilməlidir.
Referans Media xəbər verir ki, İRAN-ın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian bu fikirləri “İslami Şuraların Rolu və Konstitusiyada Xalqın İştirakı” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı səsləndirib.
Prezident vurğulayıb ki, hökumətin bütün problemləri qısa müddətdə aradan qaldıra biləcəyini düşünmək düzgün deyil. Onun sözlərinə görə, ilk növbədə mövcud vəziyyət düzgün qiymətləndirilməli, problemlərin bir gecədə həll olunmayacağı qəbul edilməlidir.
“Hər şeydən əvvəl özümüzü dəyərləndirməliyik. Ədalətsizliyin, korrupsiyanın, rüşvətin və qaçaqmalçılığın qarşısını almaq üçün səylərimizi artırmalıyıq. Biz buna hazırıq, lakin reallıqları da görməliyik”, — deyə Pezeşkian bildirib.
Prezident qeyd edib ki, problemlərin xalqın dəstəyi ilə həll olunacağına inanır, lakin bu, hökumətin qüsursuz olması anlamına gəlmir.
“Hökumətin bütün problemləri təkbaşına aradan qaldıra biləcəyini düşünmək doğru deyil. Dövlətin belə bir imkanı yoxdur. Hətta istəsə belə, pul çap etməyə məcbur olar ki, bu da cəmiyyətin aşağı gəlirli təbəqələri üçün əlavə yük yaradar. Ölkənin gəlirləri məhduddur və resurslarımız sonsuz deyil”, — deyə o vurğulayıb.
“Öz nöqsanlarımızı qəbul edirik və mütəxəssislərlə məsləhətləşməyə hazırıq”
Pezeşkian bildirib ki, ölkənin mövcud vəziyyətə gəlib çatmasında hər kəsin payı var:
“Bu mərhələyə hamımız birlikdə gəlib çatmışıq — həm mən, həm siz, həm də parlament. Təkcə ‘siz bunu etməlisiniz’ deməklə problem həll olunmur. Bütün məsuliyyəti bir tərəfin üzərinə yıxmaq və özümüzü tam məsuliyyətsiz hesab etmək düzgün yanaşma deyil. Hökumət xalqın problemlərini dinləməli və mövcud imkanlar çərçivəsində onların həlli üçün çalışmalıdır. Biz öz çatışmazlıqlarımızı etiraf edir və mütəxəssislərlə məsləhətləşməyə hazırıq. Birgə fəaliyyət göstərməli və milli maraqları əsas tutmalıyıq.”
Prezident həmçinin bildirib ki, ilk növbədə öz imkanlarını düzgün qiymətləndirmək, ətrafdakı təhlükələri obyektiv analiz etmək lazımdır:
“Harada olduğumuzu və hara getmək istədiyimizi müəyyənləşdirməliyik.”
Gülnaz Abdullazadə.
