image-pezeskiyanbackend

İran Prezidenti Pezeşkiyandan sərt açıqlama: “Biz tam müharibə vəziyyətindəyik”

İran Prezidenti Məsud Pezeşkiyan verdiyi müsahibədə ABŞ, Avropa və İsraillə toplanmış şəkildə müharibə şəraitində olduqlarını bildirib. Onun sözlərinə görə, bu qarşıdurma İran–İraq müharibəsindən daha mürəkkəb və daha çətindir.

“Referans MEDİA” Cagdas.az-a istinadən bildirir ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin ofisinə bağlı internet saytına danışan Pezeşkiyan İsraillə baş vermiş 12 günlük müharibəni və ABŞ-la münasibətləri dəyərləndirib. O qeyd edib ki, iyun ayında İsrail və ABŞ-ın həyata keçirdiyi hücumlar ölkə daxilində birlik və həmrəyliyi daha da gücləndirib.

Prezident vurğulayıb ki, İran həm iqtisadi, həm də hərbi baxımdan mühasirəyə alınmağa çalışılır. “ABŞ, Avropa və İsraillə toplanmış şəkildə müharibə aparırıq. Bu müharibə İran–İraq savaşından daha mürəkkəb və ağırdır. O vaxt İraqla döyüşdə vəziyyət aydın idi: onlar raket atırdı, biz də haranı vuracağımızı bilirdik. İndi isə bizi hər tərəfdən sıxışdırır və davamlı təzyiq altında saxlayırlar”, – deyə Pezeşkiyan bildirib.

O, iqtisadi sanksiyalar və ictimai rəyə yönəlmiş təzyiqlərlə hökumətin zəiflədilməsinin hədəfləndiyini də qeyd edib. Pezeşkiyanın sözlərinə görə, bir tərəfdən ticarət fəaliyyəti əngəllənir, digər tərəfdən isə müxtəlif mövzularda cəmiyyətin gözləntiləri süni şəkildə artırılır. “12 günlük müharibədə də əsas məqsəd İranın qeyd-şərtsiz təslim olması, hətta ölkənin parçalanması idi”, – deyə o əlavə edib.

İran Silahlı Qüvvələrinin mümkün yeni qarşıdurmaya daha hazırlıqlı olduğunu vurğulayan Pezeşkiyan bildirib ki, İsrail İranı zəiflədə biləcəyi düşüncəsi ilə hücum edib, lakin bu müharibə əksinə, ölkədə milli birliyi daha da möhkəmləndirib. “Milli birlik istənilən hərbi gücdən daha önəmlidir. Ordumuz İsrailin hücum etdiyi dövrlə müqayisədə həm texniki imkanlar, həm də şəxsi heyət baxımından daha güclüdür. Yenidən hücuma cəhd etsələr, daha qətiyyətli müqavimətlə üzləşəcəklər”, – deyə İran Prezidenti bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki