ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən biri öldürülüb.
Referans Media xəbər verir ki, İnqilab Keşikçilərinə bağlı “Fatehin” birliyinin komandiri Məhəmməd Əli Fəthəli Zadə hücumlar zamanı həyatını itirib. Onun ölümü İran dövlət televiziyası tərəfindən təsdiqlənsə də, hadisənin dəqiq harada və hansı şəraitdə baş verdiyi barədə ətraflı məlumat verilməyib.
Son günlər ABŞ və İsrailin İran ərazisində hərbi və strateji obyektlərə qarşı hücumları intensivləşdirdiyi bildirilir. Xüsusilə hərbi infrastrukturların və komanda mərkəzlərinin hədəfə alındığı qeyd olunur. Ekspertlər Fəthəli Zadənin ölümü ilə hücumların artıq yüksək rütbəli hərbi şəxsləri də hədəfə aldığını vurğulayırlar.
ABŞ Prezidenti Donald Tramp son açıqlamasında əməliyyatların hələ başlanğıc mərhələsində olduğunu bildirib. O, növbəti mərhələdə körpülər və elektrik stansiyalarının da hədəf alınacağını qeyd edib. Bu açıqlama hücumların miqyasının daha da genişlənə biləcəyinə işarə kimi qiymətləndirilir.
Tehran isə hücumlara cavab veriləcəyini bəyan edib. İran rəsmiləri xüsusilə enerji və infrastruktur obyektlərinin vurulmasının “qırmızı xətt” olduğunu bildirərək, qarşılıq tədbirlərinin görüləcəyini açıqlayıblar.
Analitiklər hesab edirlər ki, yüksək rütbəli İnqilab Keşikçiləri komandanının öldürülməsi regionda gərginliyi daha da artıraraq Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini yüksəldə bilər.
Xatırladaq ki, İsrail və ABŞ fevralın sonunda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə buna cavab olaraq regionda ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.






















