İranda ölənlərin sayı 2615-ə, saxlanılanların sayı 18 470-ə çatıb
Referans Media xəbər verir ki, ABŞ mərkəzli qeyri-hökumət təşkilatı olan İran İnsan Haqları Aktivistləri (HRA) İranda davam edən etiraz aksiyaları ilə bağlı yeni statistikanı açıqlayıb. Təşkilatın məlumatına görə, dekabrın 28-dən bəri ölkə üzrə keçirilən etirazlarda həyatını itirənlərin sayı azı 2615 nəfərə, saxlanılanların sayı isə 18470 nəfərə yüksəlib. Bildirilir ki, 2054 nəfər ağır yaralanıb.
Məlumata əsasən, ölənlərin 2435-i etirazçı, 13-ü 18 yaşdan aşağı uşaq olub. Bundan əlavə, etirazlarda iştirak etməyən 14 mülki şəxs də həyatını itirib. HRA həmçinin 153 təhlükəsizlik əməkdaşı və hökumət tərəfdarı mülki şəxsin öldüyünü açıqlayıb.
Təşkilat 882 əlavə ölüm faktı ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Qeyd olunub ki, etirazlar 31 vilayətin 187 şəhərini əhatə edib və indiyədək 617 etiraz aksiyası qeydə alınıb.
Xatırladaq ki, HRA-nın bir gün əvvəl yaydığı hesabatda ölənlərin sayı 2571, saxlanılanların sayı isə 18434 olaraq göstərilmişdi. Həmin vaxt yaralıların sayının 1134 nəfər olduğu bildirilmişdi.























