İrandan təhlükəli gediş: 3 ölkə razılıq verməlidir – Azərbaycan detalı

İran Araz çayının suyunu öz ərazisindəki şəhərlərə nəql etmək üçün genişmiqyaslı layihəni həyata keçirir. İranın energetika naziri Abbas Əliabadi bildirib ki, Araz çayının suyu 2026-cı il martın 20-dək Mərəndə, 2027-ci ilin yay aylarında isə Təbrizə çatdırılacaq. Layihə çərçivəsində suyun Mərənd, Şəbüstər və Təbriz şəhərlərinə nəqli nəzərdə tutulur. Bu məqsədlə 140 kilometrlik boru xətti çəkilir, ümumi tutumu 270 min kubmetr olan anbarların tikintisi aparılır. Layihə 22 şəhərin içməli su təminatını əhatə edir. Artıq nəzərdə tutulan 7 nasos stansiyasından 6-sında işlər yekunlaşıb.

İranın Araz çayından su götürərək 22 şəhərin təminatına yönələn bu layihəsi Azərbaycanın su təhlükəsizliyinə necə təsir edə bilər? Araz çayından suyun əlavə həcmdə götürülməsi gələcəkdə çayın su ehtiyatlarının azalmasına, ekoloji tarazlığın pozulmasına və Azərbaycan üçün su qıtlığı riskinin artmasına səbəb ola bilərmi? Azərbaycanın bu məsələdə hansı addımları atması vacibdir?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu proses Azərbaycanın su təhlükəsizliyi baxımından ciddi nəticələrə səbəb ola bilər:

“Arazın suyunun Mərənd, Şəbüstər və Təbriz istiqamətində nəqlini nəzərdə tutan layihə Azərbaycanın diqqətlə izləməli olduğu məsələlərdəndir. Araz bizim üçün içməli su, kənd təsərrüfatı, suvarma, balıqçılıq və bütövlükdə ekoloji tarazlıq baxımından mühüm transsərhəd su mənbəyidir. Əlbəttə, layihə çərçivəsində su ilə təmin olunması nəzərdə tutulan şəhərlərdə soydaşlarımız da yaşayır. Araz transsərhəd çay olmasaydı belə, onların su ehtiyacının ödənilməsinə dəstək göstərmək bizim borcumuz olardı. Lakin İran layihəni həyata keçirərkən bir sıra məqamlara xüsusi diqqət yetirməlidir. İlk növbədə, Arazın ekosisteminə və təbii tarazlığına zərər vurulmamalı, hövzəyə daxil olan digər ölkələrin su tələbatı risk altına düşməməlidir. Buna görə də layihənin miqyası və çaydan götürüləcək suyun həcmi dəqiq müəyyənləşdirilməlidir”.

Ekoloq bildirib ki, Arazın su ehtiyatları Türkiyə ərazisindən başlayaraq Ermənistan, İran və Azərbaycanı əhatə edən geniş hövzədən asılıdır:

“Çayın su həcminə yalnız təbii axın deyil, yuxarı axında tikilən su anbarları, suvarma sistemləri, iqlim dəyişiklikləri və ayrı-ayrı ölkələrin götürdüyü suyun miqdarı da təsir göstərir. Götürülən suyun yenidən hövzəyə qaytarılması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Layihənin əhatə etdiyi yaşayış məntəqələrinin əksəriyyəti Araz hövzəsindən xeyli uzaqda yerləşdiyindən suyun geri qaytarılması ehtimalı azdır. Yalnız çaya yaxın ərazilərdə müəyyən həcmdə məişət sularının yenidən hövzəyə axıdılması mümkündür. Məsələn, ildə 100 milyon kubmetr su götürülməsi ilə 300 milyon kubmetr su götürülməsinin təsiri eyni deyil. Hətta eyni illik həcmdə suyun bol olduğu aylarda və yay quraqlığı dövründə götürülməsi də fərqli nəticələr yarada bilər. Azərbaycan üçün xüsusilə vacib məsələ çayın aşağı axınında, Mil-Muğan su qovşağında və Arazın Azərbaycan ərazisindən keçən hissəsində su təminatının qorunmasıdır. Arazın suyunun azalması yalnız insanlara və kənd təsərrüfatına yox, çayın ekosisteminə də mənfi təsir göstərəcək. Ən mühüm məsələlərdən biri isə Xəzər dənizinə çatan suyun həcminin azalmasıdır. Xəzərin səviyyəsinin davamlı aşağı düşdüyü indiki kritik dövrdə bu, əlavə mənfi amil kimi çıxış edə bilər. Əsas problem odur ki, İranın layihəsi Araz hövzəsində su ehtiyatlarına təzyiqin artdığı dövrə təsadüf edir”.

C.Bəxtiyar qeyd edib ki, Azərbaycan və İran arasında su bölgüsünün tənzimlənməsi üçün konkret sənədlər var:

“Lakin İranın hazırkı layihəsinin həmin sənədlərə uyğun olaraq həyata keçirilməsi və bu çərçivədə nə qədər su götürə biləcəyi məsələsi açıq şəkildə müəyyənləşdirilməyib. Azərbaycanın atacağı addımlar diplomatik narahatlığın ifadə olunması ilə məhdudlaşmamalıdır. İranın layihəsi barədə rəsmi və ətraflı məlumat tələb edilməlidir. Qonşuluq prinsiplərinə uyğun olaraq, Arazdan ildə nə qədər su götürüləcəyi, suyun hansı coğrafi koordinatlardan alınacağı, gündəlik və aylıq götürmə həcmləri, eləcə də 2046-cı ilədək su tələbatının necə hesablandığı aydınlaşdırılmalıdır. Götürülən suyun nə qədərinin təkrar istifadə olunacağı və ya çay hövzəsinə qaytarılacağı müəyyən edilməlidir. Layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsinin aparılıb-aparılmadığı öyrənilməlidir. Arazda avtomatlaşdırılmış suölçmə və monitorinq sistemi yaradılmalıdır. Çayın su sərfi, su anbarlarındakı ehtiyatlar, İranın götürdüyü suyun həcmi, aşağı axına çatan suyun miqdarı, eləcə də kimyəvi və bioloji göstəricilər mütəmadi izlənilməlidir. Məsələ regional əməkdaşlıq səviyyəsinə qaldırılmalı, Araz hövzəsinə daxil olan dörd ölkə – Azərbaycan, İran, Türkiyə və Ermənistan arasında su ehtiyatlarının və suyun keyfiyyətinin qorunması ilə bağlı ortaq mexanizmlər razılaşdırılmalıdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki