“İşdən çıxarılmaqla hədələndim, pul tələb edildi” – “Azəriqaz” əməkdaşı şikayət edir

Redaksiyamıza Naxçıvan şəhərində “Azəriqaz” İstehsalat Birliyində çalışdığını bildirən Əsgərov Elşən Yusif oğlunun şikayəti daxil olub.

Referans Media qeyd edir ki, mövzu ilə bağlı NOCOMMENT.az-a danışan şikayətçi bildirir ki, 2018-ci ildən Naxçıvan Qaz İstismar Xidmətində çilingər vəzifəsində çalışıb. 2025-ci ildə Naxçıvan Qaz İstismar Xidmətinin “Azəriqaz”a birləşdirilməsindən sonra isə müqavilə əsasında xətt baxıcısı vəzifəsinə qəbul edilib.

Onun sözlərinə görə, yeni vəzifəsində çalışdığı müddətdə xidməti vəzifəsinə daxil olmayan işləri də yerinə yetirməyə məcbur edilib: “Xidmət rəisi İsmayılov Hüseyn məni vəzifəm olmayan çilingər işlərini görməyə göndərirdi. Buna etiraz edəndə isə məni işdən çıxarmaqla hədələyirdi”.

Əsgərov iddia edir ki, ona müxtəlif çilingər işləri göndərilib və həmin işlərə görə pul tələb olunub. Şikayətçinin sözlərinə görə, o, pul vermədiyinə görə əmək müqaviləsi yenilənməyib.


“Göndərdiyi çilingər işlərindən pul tələb edirdi. Mən də pul vermədim. Bundan sonra müqaviləmi təzələmədi və işimi itirdim”, – deyə şikayətçi bildirib.

Əsgərov qeyd edir ki, məsələ ilə bağlı müəssisənin rəhbərliyi ilə görüşməyə çalışıb. Onun sözlərinə görə, baş idarədə rəhbər Rəşad Cavadovun qəbuluna gedib, lakin ona məsələni xidmət rəisi Hüseyn İsmayılovla öz aralarında həll etməsi bildirilib.

Şikayətçi hazırda işsiz qaldığını və ailəsinin maddi vəziyyətinin ağır olduğunu deyir:

“Günahsız yerə işimi itirdim. Ailəliyəm, iki uşağım var. Banka 9 min manat kredit borcum var. İşsiz qaldığım üçün ailəmi dolandırmaqda çətinlik çəkirəm”.

Əsgərov redaksiyaya müraciət edərək məsələ ilə bağlı araşdırma aparılmasını və üzləşdiyi problemin ictimailəşdirilməsini xahiş edib.

Qeyd edək ki, şikayətçinin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin və “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini dərc etməyə hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki