Kart istifadəçilərinin DİQQƏTİNƏ: Nağda qayıdış başlayır, yoxsa səbəb başqadır?

Son iki ayda kartlar üzrə dövriyyənin təxminən 1 milyard manat azalmasının əsas səbəbləri nələrdir? Bu azalma insanların yenidən nağd ödənişlərə üstünlük verdiyini göstərirmi və kart əməliyyatlarına tətbiq olunan limit və məhdudiyyətlər bu prosesə nə dərəcədə təsir edir?


Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, kart dövriyyəsinin təxminən 1 milyard manat azalması ciddi siqnaldır. Lakin bu rəqəmə əsaslanaraq əhalinin nağd ödənişlərə qayıtdığı nəticəsinə gəlmək iqtisadi göstəriciləri düzgün oxumamaqdır.


Onun sözlərinə görə, ilk növbədə rəqəmləri ayırmaq lazımdır:
“2026-cı ilin ilk 8 ayında kredit kartları üzrə dövriyyə 5,5 milyard manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faizdən çox azdır. Daha maraqlısı budur ki, əməliyyatların sayı azalmayıb. Əksinə, avqust ayında kredit kartları ilə əməliyyatların sayı 7,6 faiz artıb. Amma dövriyyə 2,6 faiz azalıb. Deməli, problem insanların kartdan tam imtina etməsində deyil. Problem bir əməliyyata düşən məbləğin və kredit resursuna çıxışın azalmasındadır”.


İqtisadçı qeyd edib ki, ümumi kart bazarında nağdsız ödənişlər geri getmir:
“2026-cı ilin avqustunda ölkədaxili nağdsız kart ödənişləri illik müqayisədə 8,8 faiz artıb. İlin əvvəlindən artım isə 13,2 faizdir. Bəs onda nə baş verir?
Birinci səbəb kredit kartlarına qoyulan yeni tənzimləyici çərçivədir. Bankların kredit limitlərini əvvəlki kimi geniş verməsi artıq mümkün deyil. Yeni yanaşmada kredit kartı limiti müştərinin gəliri və mövcud borcları nəzərə alınmaqla müəyyən edilir. Üstəlik, istifadə olunmayan kredit xətlərinə yüksək risk çəkisinin tətbiqi bankları böyük, amma istifadə olunmayan limitləri azaltmağa sövq edir.


Bunun nəticəsi də çox sadədir: vətəndaşın kartı əlində qala bilər, amma əvvəlki 3-5 min manatlıq kredit xətti artıq 1-2 min manat ola bilər. Kartın sayı statistikada görünür, amma onun iqtisadi gücü əvvəlki kimi olmur.
İkinci məsələ kartdan-karta əməliyyatlara tətbiq olunan riskəsaslı limitlərdir. Avqustun 1-dən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə yeni yanaşma tətbiq olunub. Burada kartdan pul göndərmək tam qadağan edilməyib. Əsas məhdudiyyət ödəniş alətlərinə daxil olan vəsaitlər üzrə riskəsaslı hədlərlə bağlıdır. Məqsəd isə uçotdankənar dövriyyənin, vergidən yayınmanın və maliyyə xidmətlərindən sui-istifadənin qarşısını almaqdır.


Amma burada çox ciddi iqtisadi sual ortaya çıxır: nağdsız iqtisadiyyatı böyütmək istəyiriksə, vətəndaşa elektron ödənişin rahatlığını azaltmaqla hansı nəticəni gözləyirik? Məhdudiyyətin məqsədi başadüşüləndir – maliyyə monitorinqi, fırıldaqçılıq, qeyri-qanuni pul dövriyyəsi və vergidən yayınma ilə mübarizə. Amma vasitə ilə nəticəni qarışdırmaq olmaz. Əgər qanunsuz dövriyyəni azaltmaq adı ilə legitim vətəndaşın gündəlik əməliyyatını da çətinləşdiririksə, iqtisadi davranışın dəyişməsi tamamilə mümkündür”.


Asif İbrahimovun sözlərinə görə, üçüncü məsələ bankların kredit siyasətinin sərtləşməsidir:
“Banklar riskləri yenidən qiymətləndirir, kredit kartlarının sayını və limitlərini azaldır. 2026-cı ilin avqustunun sonunda ölkədə 23 milyon ödəniş kartı olsa da, bunun 21 milyonu debet, cəmi 2 milyonu kredit kartıdır. Yəni kartların sayı artır, amma kredit kartlarının çəkisi azalır qənaətinə gəlirik.
Ona görə də burada əsas təhlükə nağd pulun birdən-birə “qalib gəlməsi” deyil. Əsas təhlükə odur ki, nağdsız iqtisadiyyatın inkişafı inzibati məhdudiyyətlərlə həddindən artıq idarə olunmağa başlasın.


Bir şeyi də açıq demək lazımdır ki, nağdsız ödənişləri artırmağın yolu sadəcə nağdsız ödə demək deyil. Vətəndaş üçün kartla ödəmək daha rahat, daha təhlükəsiz və daha sərfəli olmalıdır. Biznes üçün POS və elektron ödəniş qəbul etmək əlavə yük yox, üstünlük yaratmalıdır. Bank sistemi isə müştərinin öz pulundan istifadə etməsini çətinləşdirən yox, rəqəmsal ödənişi stimullaşdıran mexanizmlər qurmalıdır.


Əgər bir tərəfdən “nağdsız iqtisadiyyat” deyiriksə, digər tərəfdən kartlara, kartdan-karta köçürmələrə və kredit limitlərinə ardıcıl məhdudiyyətlər gətiririksə, onda ortaya çıxan statistikanı sadəcə vətəndaşın davranışı ilə izah etmək düzgün deyil.


Rəqəmlər başqa şey deyir: insanlar kartdan imtina etməyiblər. Debet kartların sayı və ümumi nağdsız ödənişlər artır. Əsas dəyişiklik kredit kartlarında, kredit limitlərində və bəzi kart əməliyyatlarının strukturundadır.
Əsas sual budur ki, biz nağdsız iqtisadiyyatı həqiqətən inkişaf etdiririksə, yoxsa onu həddindən artıq məhdudiyyətlərlə idarə etməyə çalışırıq? Çünki nağdsız ödənişə keçid inzibati məcburiyyətlə yox, iqtisadi maraqla davamlı olur”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki