İspaniyada siyasi gündəmi silkələyən yeni məlumat yayılıb. Baş nazir Pedro Sançezin həyat yoldaşı Begona Qomez barədə irəli sürülən ittihamlarla bağlı ittihamnamə məhkəmə tərəfindən qəbul edilib.
Referans Media xəbər verir ki, Qomez haqqında mənimsəmə, nüfuzdan istifadə, kommersiya fəaliyyətində korrupsiya və dövlət vəsaitlərinin sui-istifadəsi daxil olmaqla 4 ayrı ittiham irəli sürülüb. İki il davam edən istintaqdan sonra məhkəmə onun cinayət məsuliyyətinə cəlb olunmasına qərar verib.
Hakim Juan Carlos Peinado tərəfindən aparılan istintaq zamanı Qomezin “Madrid Komplutense” Universitetindəki fəaliyyətləri və bəzi layihələrdəki rolu araşdırılıb. Məhkəmə onun bəzi şirkətlərə üstünlük qazandırdığı və vəzifəsindən sui-istifadə etdiyi barədə kifayət qədər şübhə yarandığını bildirib.
Eyni iş çərçivəsində Baş nazirin iqamətgahında çalışan məsləhətçi Kristina Alvarez və iş adamı Xuan Karlos Barrabes haqqında da cinayət işi açılıb.
Baş nazir Pedro Sançez ittihamları rədd edərək, bu prosesin müxalifət tərəfindən yönləndirilən “siyasi əməliyyat” olduğunu bildirib. O, həyat yoldaşına qarşı irəli sürülən iddiaların hökuməti zəiflətməyə yönəldiyini qeyd edib.
Digər tərəfdən müxalifət partiyaları – xüsusilə “Partido Popular” və “Vox” hökuməti korrupsiyada ittiham edərək erkən seçki çağırışı ediblər.
İspaniya qanunvericiliyinə görə, nüfuzdan istifadə və korrupsiya kimi ağır ittihamlar münsiflər heyəti olan məhkəmədə araşdırılır. Məhkəmə prosesinin yaxın günlərdə başlaması gözlənilir.
Eyni zamanda Pedro Sançezin qardaşı David Sançez haqqında da korrupsiya iddiaları ilə bağlı ayrıca iş üzrə məhkəmə prosesi gözlənilir.
Hazırda İspaniyada proses siyasi gərginliyi artırıb və hökumətin gələcəyi ilə bağlı müzakirələri daha da qızışdırıb.
