İsrailin Kipr planı ortaya çıxdı: 2500 əsgər yerləşdirildi Bu addım Türkiyəni narahat etdi

İsrailin Cənubi Kiprdə hərbi və siyasi təsirini artırması Şərqi Aralıq dənizində yeni gərginlik dalğası yaradıb. Ada ərazisinə “Təcili Müdaxilə Qüvvəsi” adı altında 2500 israilli hərbçinin yerləşdirildiyi bildirilir.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə mediasında yayılan məlumatlarda qeyd olunub.

Məlumata görə, İsrail son illərdə Cənubi Kipr Rum Administrasiyası ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirib. Ekspertlər hesab edir ki, bu addımlar bölgədə qüvvələr balansını dəyişə və Türkiyənin təhlükəsizlik maraqlarına təsir göstərə bilər.

Kipr məsələsini şərh edən profesor Mehmet Hasgüler bildirib ki, əvvəllər Avropa Birliyi çərçivəsində “avropalaşdırılan” Kipr artıq İsrailin təsiri altına düşməyə başlayıb:

“Bir mənada avropalaşan Kipr indi israilləşməyə başlayıb”.

Professorun sözlərinə görə, İsrailin adaya hərbi qüvvə yerləşdirməsi mövcud status-kvonu zəiflədən addım kimi qiymətləndirilir.

Türkiyəli istefada olan admiral Cihat Yaycı isə Cənubi Kiprin getdikcə Türkiyə əleyhinə hərbi mərkəzə çevrildiyini iddia edib:

“Kipr faktiki olaraq Şərqi Aralıq dənizində Türkiyə əleyhinə hərbi bazaya çevrilir”.

Onun sözlərinə görə, Türkiyə qarant dövlət kimi Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini qorumaq məsuliyyəti daşıyır və bölgədə birtərəfli hərbi addımlar gərginliyi daha da artırır.

Məlumatlarda həmçinin qeyd olunur ki, son dövrdə İsrail vətəndaşları Cənubi Kiprdə geniş şəkildə torpaq və daşınmaz əmlak alırlar. Bəzi bölgələrdə əsasən israillilərin yaşadığı yaşayış məntəqələrinin formalaşdığı iddia edilir.

Ekspertlər hesab edirlər ki, İsrailin Kiprdə artan təsiri gələcəkdə Şərqi Aralıq dənizində geosiyasi rəqabəti daha da gücləndirə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki